2017-ci ildə orta aylıq inflyasiya 0.6% təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə (0.6% bəndi) aşağıdır.
Mynews.az Mərkəzi Banka istinadən xəbər verir ki, dövr ərzində ən yüksək inflyasiya yanvar ayında müşahibə olunub – 2.3%.
İyun ayında nəinki inflyasiya olmayıb, 1%-lik deflyasiya qeydə alınıb. İstehlak səbətində qiyməti artan və azalan məhsul və xidmətlərin sayındakı fərqin dəyişim dinamikasını göstərən diffuziya indeksi də ilin əvvəli ilə müqayisədə ilin sonunda azalıb.
Ümumilikdə, ilin sonuna 520 adda mal və xidmətdən 116-nın qiyməti azalıb, 115-nin qiyməti isə dəyişməz qalıb. Aparılan təhlillər göstərir ki, 2017-ci ildə inflyasiya başlıca olaraq qeyri-monetar amillərdən irəli gəlib.
İl ərzində inflyasiyanın xarici faktorlarında yüksək volatillik müşahidə olunub, inzibati qiymətlər dəyişimi və inflyasiya gözləntiləri inflyasiyaya təsir göstərib. Valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin müəyyən qədər möhkəmlənməsi şəraitində ticarət tərəfdaşı olan ölkələrdə gedən inflyasiya prosesləri, habelə ayrı-ayrı əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasyanın mühüm amilləri olub.
Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2017-ci ildə 12.1% təşkil edib.