Bu gün fevral ayı üzrə bütün pensiyaların maliyyələşməsi başa çatdırılıb, sonuncu pensiyalar köçürülüb.
Mynews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib:
“Bu pensiyaları vətəndaşlarımız artımla aldılar, həm yanvar, həm fevral ayının artımları onlara çatdırılıb. Mart ayından artıq aylıq məbləğ və həmin 5,7 faizlik artımı alacaqlar”.
Nazir bildirib ki, sosial müdafiə sisteminin mühüm komponentlərindən olan pensiya təminatı bu gün əhalinin 1 milyon 318 min 434 nəfərini əhatə etməklə, sabit sosial rifahın təmin edilməsində önəmli rol oynayır. Həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,36 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 233,68 manata çatmasına imkan verib. Bu dövrdə əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi də 17 dəfə artıb:
“Azərbaycan Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 9 fevral 2018-ci il tarixli sərəncamı bu istiqamətdə növbəti irəliləyişə əsas yaradıb. Sərəncama əsasən, əmək pensiyalarının ümumi məbləğinin 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılması təmin edilib. Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunmaqla, onların pensiyalarında müvafiq artımın edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulmuş əlavə vəsaitin həcmi 165,4 milyon manat təşkil edir”.