79 dövlət əmlakını özəlləşdirmək təklif olunur

681
79 dövlət əmlakını özəlləşdirmək təklif olunur

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 21-də keçiriləcək yeni hərracda fiziki və hüquqi şəxslərə ümumilikdə 79 dövlət əmlakını özəlləşdirmək təklif olunur. Artıq hərraca sifariş vermək üçün komitənin “privatization.az” portalında elektron keçid aktivdir. Vətəndaşlar hərraca çıxarılan 22 səhmdar cəmiyyəti, 19 kiçik dövlət müəssisəsi, 35 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsindən bir və ya bir neçəsinə sifariş verə bilərlər.

Mynews.az-ın məlumatına görə, təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Sabunçu və Qaradağ rayonları, Siyəzən, Bərdə, Samux, Beyləqan, Goranboy rayonlarında yerləşir. Sabunçuda yerləşən əmlak 60 min manata, Samuxda yerləşən “Seyidlər” üzüm emalı zavodu 77 min 200 manata, Bərdə şəhərindəki Texniklər evi isə 60 min manata təklif olunur.

Özəlləşməyə çıxarılan paytaxtdakı qeyri-yaşayış sahələri Səbail, Nəsimi, Sabunçu, Yasamal, Qaradağ, Nizami, Nərimanov rayonlarında yerləşir. Digər qeyri-yaşayış obyektləri isə Sumqayıt, Mingəçevir, Lənkəran, Biləsuvar, Hacıqabulda hərraca çıxarılıb. Bu obyektlərin sahəsi 15-100 kvadratmetr arasında dəyişir. Təklif olunan belə əmlaklar sırasında ən yüksək start qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyektinə təyin olunub. Belə ki, əmlak 520 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Səbaildə yerləşən 3 qeyri-yaşayış sahəsi 117 min, 105 min və 100 min manata fiziki və hüquqi şəxslərə təklif olunur.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və digər sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nərimanov rayonunda yerləşən “Avtomotoservis”, Sabunçu rayonundakı “Material Təchizat” və Səbail rayonundakı “Şəmkir” ilə yanaşı, regionlarda yerləşən “Bərdə Tikinti Quraşdırma”, “Biləsuvar Broyler”, “Qax Taxıl”, “Salyan Aqrotexservis”, “İsmayıllı Sənaye İstehsal” kimi səhmdar cəmiyyətlər var.

Sifarişi komitənin özəlləşdirmə portalına daxil olaraq rahat və operativ şəkildə vermək mümkündür. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır. Hərracda qalib olmayan şəxsin ödədiyi beh 10 gün ərzində geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar.

Hərraclar barədə məlumatlar Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsində ictimaiyyətə hər həftə açıqlanır. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə ünvanlaya bilər.

Hərraca çıxarılan əmlaklara http://www.privatization.az/index.php/az/ linkində baxmaq olar.

ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Xəbər lenti