Prezidnet İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlarla cari ilin əvvəlindən 1 milyon 256 min nəfər pensiyaçının pensiyası, ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla, 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin (o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin), 846 min nəfərin əməkhaqlarının artırılması təmin edilib.
Mynews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, bu artımlar ümumilikdə 3 milyon 123 min nəfəri və ya respublika əhalisinin 31,55 faizini əhatə edir.
Qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manatdır.
S.Müslümov bildirib ki, 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 446 nəfər əmək pensiyası alır. Onlardan 59,01 faizi yaşa görə, 11,42 faizi ailə başçısını itirməyə görə, 29,57 faizi əlilliyə görə əmək pensiyası alanlardır:
“Əgər nəzərə alsaq ki, bu gün pensiyaçılar əhalinin 13,4 faizini təşkil edir, o zaman pensiya təminatında mütəmadi artımların sosial rifahda önəmli rol oynadığını görmək olar”.