“Azərenerji” prezident seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

866
“Azərenerji” prezident seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezidenti seçkiləri ərəfəsində enerji sisteminin dayanqılığı və fasiləsizliyi ilə bağlı xüsusi rejim tətbiq edilib və əlavə tədbirlər görülüb. Baş verə biləcək hər hansısa bir problemin aradan qaldırılması üçün operativ qəza xidmətləri hazır vəziyyətə gətirilib. 

Mynews.az-ın məlumatına görə, bunu “Report”a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

O, bu ilin I rübündə qurumun qaynar xəttinə daxil olmuş müraciətlərlə bağlı məlumatları da açıqlayıb: “Yanvar-mart aylarında “Azərenerji”-də fəaliyyət göstərən 186 nömrəli “Qaynar xətt” xidmətinə ümumilikdə 2 247 zəng daxil olub. Fasiləsiz olaraq, sutka ərzində 24 saat operativ fəaliyyət göstərən xidmətə ünvanlanan sorğular, məlumatlar və şikayətlər əməkdaşlarımız tərəfindən qeydiyyata alınıb. Bütün zənglər həftənin şənbə və bazar günləri də daxil olmaqla nəzərdən keçirilib, araşdırılıb və aidiyyəti üzrə istiqamətləndirilib”.

Y.Babanlının sözlərinə görə, müraciətlərin əksəriyyəti “Azərenerji”nin funksiyalarına aid olmayan məsələlərlə bağlı olub: “Təkcə Novruz bayramı ilə əlaqədar olan qeyri-iş günlərində yəni 20-26 mart tarixlərində “Qaynar xətt” xidməti üzrə ümumilikdə 208 zəng qeydə alınıb. Paytaxt Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonlarından zəng edən müxtəlif kateqoriyalı qrupların müraciətlərinin əksəriyyəti, təxminən, 99%-dən çoxu “Azərenerji”nin vəzifə və funksiyalarından kənar olan məsələlərlə əlaqədar olub”.

Xəbər lenti