Dənizdə itkin düşən neftçilərin ailələrinə maddi yardım edilib.
Mynews.az-ın məlumatına görə, ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşənlərin ailələrinə SOCAR və müvafiq dövlət qurumları tərəfindən müxtəlif maddi yardımlar göstərilib.
Bu yardımlar kateqoriyasına görə, SOCAR tərəfindən iki dəfə olmaqla 9 ailəyə hər dəfə 1 000 manat ümumilikdə, 2 000 manat maddi yardım göstərilib. İtkin düşənlərdən ilk tapılan vəfat etmiş neftçi İlham Qafarovun ailəsinə isə 3 000 manat maddi yardım göstərilib.
Bundan başqa, SOCAR-ın sərəncamına əsasən hər bir ailəyə 5 000 manat maddi yardım göstərilib. Bundan əlavə, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən hər bir ailəyə 1 000 manat, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 manat məbləğində maddi yardım göstərilib.
İtkin düşmüş neftçilərdən Ramiz Qulu oğlu Abasovun 2 övladı, Samir Atabala oğlu Əsədovun 3 övladı, Güloğlan Hacıbala oğlu Zülfüqarovun 3 övladı, Azay Hacıbala oğlu Zülfüqarovun 2 övladı, ümumilikdə, 10 nəfər uşaq NQÇİ tərəfindən himayəyə götürülüb.
“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı NQÇS-nin 3 saylı Neft-Yığma Məntəqəsinin işçilərinin banklara olan qalıq borclarının ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib.
İtkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Cavid Həyətxan oğlu Bəhrəmovun – “Dəmirbank” ASC-yə 7 000 manat, “Unibank” ASC-yə 3 063 ABŞ dolları ödənilib.
İtkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Samir Atabala oğlu Əsədovun – “Unibank”a 258 manat, “Bank of Baku”ya 173 manat, itkin düşmüş 4-cü dərəcəli əmtəə operatoru Azay Hacıbala oğlu Zülfüqarovun həyat yoldaşı Çimnaz Qaraş qızı Zülfüqarovaya 12 oktyabr 2016-cı il tarixli 58 saylı müqavilə ilə “Sumqayıt” MTK-dən Sumqayıt şəhəri, S.Vurğun küçəsində tikilməkdə olan yaşayış binasından 63,7 kv.metr sahəsi olan 2 otaqlı ayrılmış mənzilə görə “Sumqayıt” MTK-yə 38 800 manat qalıq dəyərinin ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib.
27 dekabr 2016-cı il tarixində İlham Əlhüseyin oğlu Qafarovun həyat yoldaşı Rəsmiyyə Qafarova N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona birdəfəlik 2 100 manat məbləğində yardım göstərilib.
Vəfat etmiş Həsənağa Hüseynağa oğlu Hacıəliyeva “Neftçi” MTK-dan ayrılmış mənzilə görə H.Hacıəliyevlə “Xalq Bank” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 31 939,33 manat məbləğində qalıq borcu “Azneft” tərəfindən banka ödənilib.
H.Hacıəliyevin “Unibank”a 434 manat, ”Bank of Baku”ya 5 630 manat, “Bank of Baku” (Bolkart) 1 060 manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialına 9 998 manat məbləğində kredit borcları ödənilib. Onun həyat yoldaşı Zenfira Qırxlar qızı Hacıəliyeva N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona DFGK tərəfindən 28 fevral 2017-ci il tarixli protokolla bir dəfəlik 2 320 manat məbləğində yardım olunub.
Qeyd edək ki, ötən ilin 15 dekabr tarixində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək nəticəsində N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Qəza nəticəsində neft-yığım məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
Bu zamana kimi neftçilərdən 5 nəfərin meyiti tapılıb.
istipress