Dollar BAHALAŞACAQ, yoxsa..? Açıqlamalar

851
Dollar BAHALAŞACAQ, yoxsa..? Açıqlamalar

Son günlər cəmiyyətdə dolların bahalaşacağı ilə bağlı şayiələr gəzir.

Qonşu ölkələrdə (Rusiya və Türkiyədə) milli valyutanın ciddi şəkildə dəyər itirməsi, həmçinin FED bir neçə həftə öncə uçot dərəcəsini artırması ilə bağlı verdiyi qərar şayiələrin yayılmasına səbəb oldu. Lakin Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, iqtisadiyyat sabitdir və məzənnədə tərəddüd üçün heç bir əsas yoxdur. Əksinə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə iqtisadi fəallıq yüksəlib. Bu səbəblə, manatın növbəti devalvasiyasından söhbət gedə bilməz.

İqtisadçılar da yayılan şayiələrlə bağlı açıqlamalar veriblər.

Bununla bağlı Metbuat.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, növbəti dövrlərdə dollara tələbin artması gözlənilir:

“Dünyada dollara tələb artır. Azərbaycanda da bu tələbin artması müşahidə edilir. Büdcə xərclərinin artması nəticə etibariylə dolların bahalaşmasını şərtləndirən əsas səbəblərdən biridir. Büdcədən daha çox vəsaitin ayrılması dollara tələbi artırıb. Bu ilin ilk 3 ayının yekunlarına diqqət yetirsək, 1.3 milyard dollar hərraclar vasitəsilə satılıb. Bu da 2017-ci ilin həmin dövrü ilə müqayisədə 65% çoxdur. Yaxud 516 milyon dollar artıq satıb. 3 ayda ayrı-ayrı vaxtlarda dollara tələb artır. Məsələn, yanvar ayında 299 milyon dollar satılmışdısa, fevralda bu rəqəm 364 milyon, martda isə 647 milyon dollara çatıb. Mart ayında əvvəlkilərlə müqayisədə 78 milyon çox dollar satışı həyata keçirilib. Bu da Rusiya və Türkiyədə milli valyutanın ucuzlaşmasıdır. Azərbaycan dollara olan tələbi artırıb. Çünki son illər rus rublu 62 dollardan ucuz satılır. Rusiyada milli valyutanının ucuzlaşma prosesi gedir. Türkiyədə isə lirə psixoloji həddi keçib. 1 dollar 4 lirədən baha satılır. Rusiya Azərbaycanın əsas tərəfadşlarından biridir. Azərbaycanın 1.5 milyard dollarlıq qeyri-neft sektorunun 553 milyon dolları Rusiyanın payına düşür. Rusiya Azərbaycanın qeyri-neft ixracanın 36%-nı təşkil edir. Azərbaycan qeyri-neft ixracının təxminən 60%-a yaxını Rusiya və Türkiyənin payına düşür. Rubl və lirənin ucuzlaşması Azərbaycanın qeyri-neft ixrac imkanlarına birbaşa təsir göstərir. Bu baxımdan manata psixoloji təsir artır. Manata psixoloji təsir var, tələb də artıb.

Qonşu ölkələrdə dolların ucuzlaşması müşahidə edilir. Xüsusilə Rusiya-Qərb, Türkiyə-Qərb münasibətlərinin gərginləşməsi hər iki ölkədə milli valyutanın ucuzlaşması risklərini artırıb. Azərbaycanda isə məzənnənin necə dəyişməsi Mərkəzi Bankın verdiyi qərardan asılı olacaq. Artan tələbi ödəməklə manatın məzənnəsini qoruyub saxlamalıdır. Odur ki, növbəti dövrlərdə tələb artacaq. Hazırda prornozlar bu istiqamətlər üzrədir. Dollara tələbin artması prosesi davam edəcək. Mərkəzi Bank daha çevik siyasət həyata keçirməlidir ki, manatın məzənnəsini qoruyub saxlaya bilsin”.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə qeyd edib ki, Rusiya və Türkiyədə baş verənlərin manata təsiri yoxdur:

“Manatın üzərində yaranan təziq bir neçə səbəbdən qaynaqlanır. Türk lirəsinin və Rusiya rublunun dəyər itirməsi bu səbəblərin önündə gəlir. İnsanlarda belə bir qənaət var ki, rubl dəyə itirən zaman Azərbaycanda da belə olur. Düşünürük ki, hazırki durumla o vaxtki devalvasiyadakı vəziyyət fərqlidir. O zaman neft istehsal edən ölkələrin hər birinə neftin qiyməti ilə bağlı təsir vardı. Orada paralellik ola bilərdi. Hazırki situasiyada isə Rusiyanın özünəməxsus məsələləri var. Bu, məlum siyasi risklə bağlı məsələdir. Rusiyaya tədbiq olunan sanksiyalarla bağlıdır. Azərbaycana bu kimi halların təsir etməsindən söhbət gedə bilməz. Hazırda valyuta ehtiyatları, Neft Fondunun imkanları, neftin qiyməti və Mərkəzi Bankın valyuta ehtiyatlarının vəziyyətinə baxdığmızda, Mərkəzi Bankın uçot dərəcələrini aşağı endirməsi onu göstərir ki, Mərkəzi Bank rahatdır. Manatın üzərinə inflyasiya ilə bağlı hər hansı bir təzyiq hiss etmir. Uçot dərəcəsinin aşağı salınması Mərkəzi Bankın rahat olduğunun göstəricisidir. Belə vəziyyətdə, Rusiya və Türkiyədə baş verənlərin manat üzərində təsirinin yaranacağını düşünmürük”.

Xəbər lenti