Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı bu gün Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Mynews.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan torpaq islahatları, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə torpaq idarəçiliyinin elmi-praktiki əsaslarının tədqiq edilməsi, ölkənin kadastr uçot sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanması barəsində müzakirələr aparmaqdır.
Eyni zamanda, torpaq inzibatçılığı sahəsində həyata keçirilən işlərin daha da təkmilləşdirilməsi yönündə elm adamları ilə birgə fikir mübadiləsinin aparılması, torpaq idarəçiliyində elmi yanaşmaların praktiki fəaliyyətdə tətbiq edilməsinin rasional həll istiqamətlərinin axtarılması da konfransın əsas vəzifələrindən olub.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov iştirak edirlər.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə müasir şəraitdə torpaq idarəçiliyinin elmi əsaslarla təşkilinin vacibliyindən danışıb.
O bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatlarının ən mühüm xüsusiyyəti onun ciddi elmi bazaya əsaslanması və bu sahədə ən son elmi nailiyyətlərin, yeniliklərin geniş tətbiqidir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, hazırda ölkədə elmi əsaslardan istifadə olunmaqla bütün sahələrdə yüksək nailiyyətlər əldə edilir:
“Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılmasının gedişində elmi texniki tərəqqinin nailiyyətlərinə olduqca geniş yer ayırır. Bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir”.
Komitə sədri ölkədə ilk dəfə Torpaqların Elektron kadastr Uçotu Sistemi və torpaqların səmərəli istifadəsində Peyk Nəzarət Sisteminin qurulması barədə məlumat verib.
O bildirib ki, əldə edilən peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək.
Torpaqların Elektron Kadastr Uçotu Sisteminin formalaşması prosesində qarşıya çıxan məsələlərin həll edilməsində Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının, gənc alimlərin fəal iştirakının faydalı olacağını bildirib.
Onun sözlərinə görə, elm adamlarının verəcəyi təkliflər, aparacağı təhlillər kadastr uçotu işlərinin daha da sürətlənməsinə, səmərəliliyin artmasına səbəb olacaq.