Banka olan kredit borcunu qaytara bilməyən şəxs nə etməli?

838
Banka olan kredit borcunu qaytara bilməyən şəxs nə etməli?

Mynews.az tanınmış vəkil Rövşən Əhmədovun yazısını təqdim edir...

Son dövrlər maliyyə bazarında müxtəlif bank və ya bank olmayan kredit təşkilatları tərəfindən istehlak kreditlərinin verilməsi istiqamətində yenidən canlanma müşahidə olmaqdadır.

Bundan əlavə, kredit xətti ilə ölkədə kiçik və orta sahibkarlığın inkişafı etdirilməsi məqsədilə, dövlət tərəfindən sahibkarlıq fəaliyyəti subyektləri də, diqqətdən kənarda qalmamış və onlara da güzəştli şərtlərlə daim maliyyə dəstəyinin göstərilməsi dinamik artımla davam etməkdədir.

Bəs təyinatından asılı olmayaraq, kredit götürərkən nələrə xüsusi diqqət edilməlidir?

Bir çox hallarda, kredit xətti üzrə pul əldə olunması üçün bağlanan müqavilələrə kredit götürənlər (borc alanlar) tərəfindən səthi və laqeyd yanaşılır, müqavilə şərtlərinə lazımi diqqət yetirilmir, bəzən isə, heç müqavilə şərtləri, ümumiyyətlə, oxunulmur. Belə ki, kredit verən tərəf, borc alana münasibətdə öz üstün vəziyyətindən istifadə edərək, müqavilə şərtlərini hər aspekdə öz mənafeyinə uyğun formatda diqtə edə biləcəyini və müqavilədə bunu qeyd edəcəyini nəzərə alaraq, hər bir halda müqavilə şərtlərinə xüsusi diqqət etmək lazımdır.

Belə müqavilələr, əsasən, çox kiçik ölçülü yazı şrifti ilə tərtib olunduğundan, müqavilə oxunaqlı olmur, sadə vətəndaşa onun mahiyyəti tam izah olunmur və bu səbəbdən də müəyyən xüsusi və kredit alan üçün vacib məqamlar nəzərdən yayınır. Bu isə kredit alana münasibətdə kifayət qədər  ağır sayılan və gələcəkdə onun tərəfindən müqavilə şərtlərinin icra olunmadığı və ya lazımi qaydada icra olunmadığı hallarda, ona qarşı xüsusi təhlükə yarada biləcək şərtlərin diqqətdən kənarda qalmasına zəmin yaradır.

Bu səbəbdən kredit müqavilələri ilə tanış olarkən, öhdəliyin icrasının təminatı olaraq hansı üsulların və hansı şərtlərin müqavilədə əks olunduğuna xüsusi diqqət yetirmək vacibdir.

Belə ki, əksər kredit müqavilələrində, öhdəliyin təminatı olaraq kredit təşkilatı tərəfindən bir və ya bir neçə zamin şəxsin olması tələb olunur. Bu zaman əsas öhdəliyin icra olunmamaması halında, zaminin gələcəkdə hansı növ məsuliyyət daşıması çox önəm kəsb edən haldır. Yəni, əsas öhdəliyin icrasının təminatı olaraq, zaminlik haqqında müqaviləni zamin şəxslər imza edərkən buna xüsusi diqqət etməlidirlər.

Zaminin mülki məsuliyyəti isə 2 formada ola bilər:

- Tam məsuliyyət. Yəni bu, zamin ilə əsas borc götürənin kreditor qarşısında birgə məsuliyyəti anlamına gəlir. Bu növ məsuliyyətin təfsiri onu deməyə imkan verir ki, kreditor öz istəyi ilə tələb olunan ödənilməmiş qalıq kredit məbləğini, habelə ona hesablanmış faiz borcunu və dəbbə pulunu  tam olaraq zamindən tutulmasını tələb edə bilər.

- Subsidiar məsluliyyət. Bu məsuliyyət əlavə məsuliyyətdir. Yəni, öhdəliyin şərtlərinə görə əsas borclu olan şəxsin məsuliyyətinə əlavədir. Bu məsuliyyət növünün mənası odur ki, əsas borclu tərəfindən borcun daha çox hissəsinin ödənilməsi şərtdir. Yalnız bundan sonra qalan hissədə, əsas borclunun imkanları tükənərsə, həmin qalan hissədə əlavə zaminə münasbətdə kreditor tərəfindən öhdəliyin icrasını tələb etmək hüququ yaranır.

Başqa sözlə desək, subsidiar məsluliyyətin birgə məsuliyyətdən fərqi odur ki, əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz.

Yuxarıda qeyd olunan səbəblərdən, əksər kredit  müqavilələrində kreditor tərəf, əsas borclunun öhdəliyin icrasına təminat olaraq zaminin məsuliyyətini subsidiar yox, məhz birgə məsuliyyət formatında müqavilədə əks etdirir. Bu məsuliyyət növünün mahiyyətindən məlumatsız olan zamin isə, özünü çox ağır kredit şərtləri altında təhlükəyə atmış olur. Çünki zaminlər bir qayda olaraq kreditorlar tərəfindən öz stabil maliyyə gəlirlərinə görə dəyərləndirilir. Bu səbəbdən zaminlər maliyyə kredit-hüquq münasibtlərinə daxil olarkən daşıyacaqları məsuliyyətin birgə və ya subsidiar olmasının fərqinə varmalı və buna xüsusi diqqət edərək öz gələcək iqtisadi durumlarını təhlükəyə atmamalıdırlar.

Maliyyə-kredit  hüquq münasibətlərində digər çox vacib məqam, "dəbbə pulu" (cərimə, peniya) ilə bağlıdır:

Demək olar ki, bütün kredit və borc müqavilələrində dəbbə pulu ilə bağlı şərt öz əksini tapır və ödənişin gecikdirildiyi hər gecikmə gününə görə faizlə göstərilir. Bu hal, kreditorun əlavə pul itkilərinin qarşılanması üçün müəyyən olunmuş və qanunvericiliklə yol veriən bir haldır.

Lakin dəbbə pulu barədə şərtin təkcə əsas müqavilədə (kredit və ya borc müqaviləsində) yer alması, hüquqi cəhətdən kreditor tərəfindən dəbbə pulunun tətbiqi və tələbi üçün yetərlidirmi?

Azərbaycan Resublikası Mülki Məcəlləsinin 463-cü maddəsində dəbbə pulunun formasına dair tələb əks olunub:

Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

Göründüyü kimi, qanunun imperativ norması əsas öhdəlik hüquq münasibətindən (kredit müqaviləsi, borc müqvailəsi və s.) asılı olmayaraq, dəbbə pulu haqqına yazılı Razılaşma bağlanmalı olduğunu bəyan edir.

Buradan belə nəticəyə gəlmək olar ki, əsas öhdəlikdən asılı olmayaraq, tərəflər dəbbə pulu haqqında ayrıca yazılı razılaşma (müqavilə) bağlamalıdırlar. Əks halda, həmin Məcəllənin 463.2-ci maddəsində qeyd olunur ki, yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

Bu konteksdən çıxış edərək, hesab edirəm ki, yuxarıda qeyd olunan əsas məqamlara diqqət etməklə borclu, kreditorun gələcəkdə dəbbə pulu ilə bağlı tələbinə qarşı, öz mövqeyini və hüquqi müdafiəsini bu istiqamətdə uğurla həyata keçirə bilər.

Xəbər lenti