Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru çox böyük yer tutur.
Mynews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimində çıxışında deyib.
Prezident vurğulayıb ki, Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynayıb. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında birgə bəyannamə imzalanıb:
“Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son 4 il ərzində Bakıda hər il “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur. Bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının maliyyəsi olmadan mümkün olmazdı.
Mən bugünkü mərasimdə bizə dəstək olan, beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürümü bildirmək istəyirəm. Onlar da bizə inanaraq öz maliyyə resurslarını ayırıblar və onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaşdır, bütün borcları vaxlı-vaxtında qaytarır və qaytaracaqdır. Biz sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə, Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək”.