Dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib.
Mynews.az xəbər verir ki, bunu parlamentdə büdcəyə dəyişikliklər zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq, 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.
O deyib ki,Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır:
“Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. 1 milyard 27 milyon manat azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir.
Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların məbləğinin qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 mln. manat məbləğində qiymətləndirilir.
Vergilər Nazirliyi xətti ilə 500 milyon manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 milyon manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirləri 22 milyard 110 milyon manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur”.
Nazirin dediyinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azerenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərə tutulub.
Nazir sonra qeyd edib ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 milyard 14 milyon manat artırılaraq, 23 m 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.
S.Şərifovun bildirdiyinə görə, yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 milyard 86,8 milyon manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 milyard 981,1 milyon manat və ya 16,5% artacaq:
“İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 milyard 600,2 milyon manat artırılaraq, 26 milyard 537 milyon manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 milyard 549,8 milyon manat profisitlə proqnozlaşdırılır”.
S. Şərifovun çıxışından sonra müzakirələrə 19 millət vəkili yazılsa da, spiker Oqtay Əsədov buna ehtiyac olmadığını bildirib.
“Axı, nəyi müzakirə edəcəyik?! Nə lazımdırsa, o da büdcəyə edilib. Görürəm ki, Qüdrət Həsənquliyev çıxışa təkid edir. Mən də ondan xahiş edirəm ki, təkid etməsin”, - deyə sözlərinə əlavə edib və büdcə dəyişikliklərini səsə qoyub.
Millət vəkilləri də büdcə dəyişikliklərinə səs veriblər.