Millət vəkilləri Bakı-Sumqayıt yolundakı tıxaca səssiz qalmadılar

808
Millət vəkilləri Bakı-Sumqayıt yolundakı tıxaca səssiz qalmadılar

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında millət vəkilləri son günlər Bakı-Sumqayıt yolunda yaranan tıxac probleminə sərt reaksiya veriblər.

Mynews.az-ın xəbərinə görə, deputat Fazil Mustafa bildirib ki, iki ildir “Bakıxanov” istiqamətində  metro stansiyası açılacağını deyirlər: 

“Amma bu iki il müddətində büdcədən metro stansiyası çəkilməsi üçün vəsait ayrılmır. Halbuki  indi təsdiq etdiyimiz büdcə iki milyard artırılıb. Stansiyalar çəkilməsə, bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq.

Görürsünüz ki, Xırdalan yolu bağlanıb, hər yer iflic vəziyyətindədir. Ona görə imkan varkən metro tikintisi həyata keçirilmədir. İndi Xırdalan yolunda olan vəziyyəti görürsünüz. İnsanlar neçə saat tıxacda qalırlar”.

Deputat Fəzail Ağamalı da qeyd edib ki, 20 Yanvar-Masazır istiqamətində dəhşətli vəziyyət hökm sürür:

“Elə bir vəziyyətdir ki, söz tapıb deyə bilmirsən. Alternativ yollar da yoxdur. Həmin yol dörd il bundan qabaq çəkilib. Bir nəfər dilli-dilavər jurnalist çıxıb deyir ki, yolun təmirinə ehtiyac var idi. Mən tam məsuliyyətlə deyirəm ki, o yolda çat yox idi.

Orada pul yemək, başqa məqsədlər var idi. Mən Naxçıvanla bağlı deyə bilərəm ki, orada yüksək yol mədəniyəti var. Bakıda isə bu yoxdur. Orada yolların kənarında ağaclar, yaşıllıqlar salınıb. Mən “Azəravtoyol”a deyərdim ki, gedib Naxçıvandan yol çəkməyi öyrənsinlər”.

Spiker Oqtay Əsədov qeyd edib ki, onun da yaşadığı yer Sulutəpə ərazisidir: 

“Mən də eyni əziyyəti çəkirəm. Amma yollarımıza nə olub ki?! Sadəcə, yol kənarında evlər tikilib. Yolun genişləndirilməsinə həmin evlər mane olur. Amma bu məsələnin də üzərində iş gedir”.

Deputat Cavid Qurbanov isə həmkarları tərəfindən irəli sürülən “Bakıda yaxşı yol çəkilmir” ittihamlarına cavab verib. O, həmkarlarını ədalətli olmağa çağırıb. Bildirib ki, Bakının hər bir tərəfi su ilə əhatə olunduğundan yolları genişləndirmək olmur:

“Buna görə də problemlər yaranır. Metro stansiyalarına gəlincə, biz daha çox yerüstü xətlərin çəkilməsinə üstünlük veririk. Çünki bu daha ucuz variantdır, həm də keyfiyyətlidir”.

Xəbər lenti