"Hərrac bitdi, dollar az da olsa ucuzlaşdı, rəsmi məzənnə 1,7279 oldu. Səbəblər çox bəsitdir və qısa zaman hesablanıb".
Bu fikirləri Real Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli irəli sürüb. O dolların bu şəkildə ucuzlaşmasının səbəbələrini detallı şəkildə izah edib:
"Birincisi, Mərkəzi Bank manat kütləsini azaldıb – bu isə iqtisadi aktivliyi azaldır, bu gün açıqlanan rəsmi makroiqtisadi göstəricilər ölkədə böhranın dərinləşdiyini göstərir.İkincisi,Novruz Bayramlarında İrandan və Ərəb ölkələrindən 20-30 min turist gəlməsi gözlənilir, onlardan ucuz dollar almaq istəyirlər. Üçüncüsü, banklar kredit verə, verdiyi kreditləri yığa bilmirlər, bankların ən çox gəlir yeri valyuta spekulyasiyaları olub, dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar".
Ekspert deyib ki, əslində dollar ucuzlaşmağına sevinməliyik, amma mütəxəssis kimi bunun nədən baş verməsini anlamağa çalışırıq ki, insanlara da izah edə bilək.
"Dollar nə zaman ucuzlaşa bilər. 1) Ölkənin ixracatı artır, valyuta gəlirləri artır, 2) Ölkədə daxili istehsal artır, idxaldan asılılıq azalır, 3) Ölkəyə böyük həcmdə valyuta gətirən investorlar gəlir, bununla da valyuta ucuzlaşır – Bu 3 amilin HEÇ BİRİ bu gün müşahidə olunmur", - deyə Natiq Cəfərli bildirib.
Ekspert əslində nə baş verdiyini belə izah edir: "Birincisi, FED faiz artırımına gedir – dollar dünyada bahalaşır, 2)Neft qiymətləri kəskin ucuzlaşıb, son 10 gündə 12% dəyər itirib – ölkəmizin gəlirləri azalıb, 3) Ölkədə ilin ilk 2 ayında sənaye istehsalı 4% azalıb, həmin dövrdə inflyasiya 13%-ə çatıb, ərzaq inflyasiyası 16% olub– deməli, ölkədə dolların möhkəmləssinin HEÇ BİR iqtisadi əsası yoxdur, tam tərsinə, bütün iqtisadi göstəricilərə görə dollar bahalaşmalıdır.
Yəni, vəziyyəti dərk etdiyimidən, gələcəkdə bu gün atılan addımların daha böyük fəsadlar törədə biləcəyi gördüyümdən, bu gün dolların müvəqqəti və inzibatı möhkəmlənməsinə sevinə bilmirəm. Bütün iqtisadi göstəricilər və iqtisadi məntiq onu deyir ki, 2017-ci ildə dollar 2 manatı keçəcək. Vəssalam".