STAR zavodu da daxil olmaqla, SOCAR Türkiyəyə 19 milyard dollar dəyərində investisiya yatırıb.
Mynews.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bildirib.
O qeyd edib ki, neft-kimya sənayesinin xammal ehtiyaclarını qarşılayacaq bu zavod təyyarə yanacağı, LPG və motorin istehsal edəcək:
“Cari kəsirin azalmasına kömək edən neft gəmisi artıq ünvana çatıb. Oktyabr ayının sonunda tam şəkildə istehsala başlanacaq. Zavodun açılışı iki ölkənin dövlət başçılarının iştirakilə baş tutacaq”.
Onun sözlərinə görə, STAR-ın fəaliyyətə başlaması nəticəsində Türkiyənin xarici ticarət kəsiri illik əsasda 1 mlrd. 500 mln. dollar azalacaq.
Məlum olub ki, zavodda 1 milyon ton reformat adı verilən neft-kimya xam maddəsi istehsal ediləcək:
“Bunun 250 min tonu “Petkim”ə gedəcək. “Petkim”in gücü 1 milyon tonu emal etmək üçün kifayət etmir. Qalan 750 min tonunu istifadə edərək iqtisadiyyata əlavə töhfə vermək üçün yeni neft-kimya kompleksinin inşasını planlaşdırırıq.
İkinci neft-kimya zavodu üçün texniki-iqtisadi əsaslandırmanı 2019-cu ilin aprelində başa çatdırıb, iyunda işlərə başlamağı nəzərdə tutmuşuq. Bu, çox böyük bir investisiya olacaq. “Petkim”in “Aliağa” kampusunda inşa edəcəyimiz müəssisə 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istehsala başlayacaq. Yeni zavod sayəsində neft-kimya məhsullarının idxalının 40 faizini qarşılamağı nəzərdə tuturuq”.
Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim”in illik 3 mln. 600 min ton neft-kimya məhsulu istehsal etdiyini dilə gətirən Qəhrəmanov deyib ki, ikinci zavod ölkənin böyük ehtiyacı olduğu neft-kimya məhsullarının istehsalına istiqamətlənəcək.