Dövlət başçısının tapşırıq və sərəncamlarına, həmçinin regionların sosial-iqtisadi iniişafı dövlət proqramına uyğun olaraq turizm və kənd təsərüfatının inkişafına gətirib çıxaran, bununla da vətəndaşların sosial rifah halının yüksəlməsinə hesablanmış yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir. Bu cür layihələrdən biri respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Göygöl hissəsinin yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mynews.az-a verilən xəbərə görə, respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38.4 m-lik Gəncə-Göygöl hissəsinin yenidən qurulması Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyi tərəfindən 2 mərhələ üzrə həyata keçirilir. 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi yenidən qurulur. 2-ci mərhələ üzrə isə Yeni Zod-Göygöl hissəsinin yenidən qurulması işlərinə başlanılacaq. 1-ci mərhələ üzrə yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsində yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir.
Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Yeni Zod hissəsi uzun müddətli istismardan sonra yararsız vəziyyətə düşmüş, yolun eninə və uzununa profilində çökmələr, çatlar və yuyulmalar əmlə gəlmişdir. Mövcud avtomobil yolu III və IV texniki dərəcəlidir. Göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün yolun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü 12 min kub.m həcmdə sökülüb, sökülmüş hissələrdə həmçinin zəruri digər ərazilərdə 146 min kub.m həcmdə torpaq işləri görülür, yeni yol yatağı inşa olunur. Bunun ardınca qum-çınqıl qarışığından 20 sm qalınlıqda əsasın alt layı, optimal-çınqıl qarışığından isə 16 sm qalınlıqda əsasın üst layının inşası işləri aparılır. Bu işlər 245 min kv.m sahəni əhatə edir.
Yol əsası hazır olan hissələrdə artıq asfaltlanma işləri görülür. Əlaqələndirici bitum səpilməklə 13 sm qalınlıqda iri dənəli asfalt-beton qarışığından örtüyün alt layı, 5 sm hündürlükdə isə xırda dənəli asfalt-beton qarışığından əsasın üst layı döşənir. Asfaltlanma işləri ümumilikdə yolun 135 min kv.m sahəsini əhatə edir. Asfaltlanan ərazilərdə 71 min kv.m sahədə çiyin hissələr 18 sm qalınlıqda optimal-çınqıl qarışığı ilə bərkidilir, 25 nöqtədə yol birləşmələri təmir edilir.
Tikinti norma və qaydalarına uyğun olaraq, yol boyu suların ötürülməsi üçün müxtəlif diametrli və 65 paqon-metr uzunluğunda olan boruların təmiri və tikilməsi işləri aparılıb, zəruri olan yerlərdə 6150 kv.m sahədə istinad divarları inşa edilib, 2.1 km uzunluğunda küvet hissələr, həmçinin təhlükəli ərazilərdə 5350 metr uzunluğunda dəmir-beton tumbalar tikilib. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə 5.7 km uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
Tikinti layihəsini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu 2 ədəd transformator və 320 ədəd işıq dirəyi, 974 ədəd siqnal dirəyi, 170 ədəd yol nişanı və təhlükəli ərazilərdə 3.3 km uzunluğunda əyri-xətli dəmir tirlər quraşdırılacaq, 50 km uzunluğunda üfiqi nişanlanma xətləri çəkiləcək. Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsində yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Növbəti mərhələdə sözügedən yolun 21.9 km uzunluğa malik Yeni Zod-Göygöl hissəsinin yenidən qurulması işlərinə başlanılacaq.