Azərbaycanda “ikinci çörək” bahalaşacaqmı? ŞƏRH

739
Azərbaycanda “ikinci çörək” bahalaşacaqmı? ŞƏRH

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Mynews.az xəbər verir ki, dəyişikliyə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb.

Bununla da kartofa tətbiq edilən idxal rüsumu artırılıb. 

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə, 2018-ci ilin yanvar-iyun aylarında kartof  idxalı  22,9 faiz azalıb. Göstərilən dövrdə Azərbaycan  20446,0 min dollar dəyərində 80480,6 ton kartof idxal edib. Bu da kartofun hər tonunun dörd dollara başa gəlməsi deməkdir. 

İxrac isə 15,5 faiz artıb. Azərbaycan nə az, nə çox, xaricə 29589,3 min dollar dəyərində 66457,9 ton kartof satıb. 

Yerli istehsala gəlincə, statistika göstərir ki, yerli istehsal artıb. Belə ki, avqust ayının 1-nə kimi tarlalardan 534,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,5 faiz çox kartof yığılıb. Ölkə üzrə əkin sahəsinin 149,6 min hektarını (8,6 faiz) kartof təşkil edib. 

İqtisadçı-ekspert Cəfər İbrahimli deyir ki, hökumət qonşu ölkələrdə yerli valyutaların məzənnəsinin dəyişməsi fonunda manatın məzənnəsinə toxunmadan tənzimləmək niyyətindədir: 

“Son iki ayda qonşu ölkələrin milli valyutalarının dəyər itirməsi və bunun manatın məzənnəsinə təsir edib-etməyəcəyi müzakirə mövzusunu olmuşdu. Aparılan təhlillərdə qonşu ölkələrin valyutasında yaranan dəyər itkisinin, sadəcə, yeyinti məhsulları baxımından yerli istehsalı təhdid etdiyi vurğulanırdı.

Hökumətin kartof idxalı üçün gömrük rüsumlarını 100% artırması bunu deməyə əsas verir ki, yaxın müddətdə manatın dəyərində sərt dəyişikliklərə gedilməyəcək. Daha çox idxal olunan mal qruplarının daxili istahsalı təhdid etdiyi durumlarda, gömrük və vergi rüsumları üzərindən tənzimləmə aparılacaq”. 

Kartofun qiymət məsələsi ilə bağlı spekulativ söyləntilərə gəlincə, C.İbrahimlinin sözlərinə görə, heç bir hökumət mal və xidmətlərin süni şəkildə qiymətinin yüksəldilməsi yönündə stimullaşdırıcı qərar almaz:

“Bu, sadəcə, tənzimləmə funksiyası yerinə yetirə və yerli istehsalın davamlılığını təmin etmə məqsədi güdə bilər.

Sirr deyil ki, İran, Rusiya və Türkiyədə ciddi kartof istehsalı var. Son illər manatın dəyərli olması fonunda bu ölkələrdən ciddi miqdarda kartof idxal olunurdu (hətta cəmiyyətin sağlamlığını təhdid edən texniki kartofun həcmi də az deyildi). Bu vəziyyət yerli istehsalı boğurdu”. 

Ölkədə 59 min hektar sahədə kartof əkildiyini deyən ekspert bildirir ki, artıq hökumətin əlində cari istehsal və stok haqqında dəqiq məlumat var:

“Ölkədə orta hesabla hektardan 10 ton kartof toplandığını nəzərə alsaq, bu, təxminən 590-600 min ton təşkil edir ki, bu da ölkənin 500 min ton olan daxili tələbatını qarşılamaq imkanındadır.

Dolayısı ilə, iqtisadiyyatın təməl qaydalarına görə, təklif artıqlığı varsa, ölkədə minlərlə ton kartof istehsal edən fermer təsərrüfatları, topdan və pərakəndə satış subyektləri mövcuddursa, “süni qiymət artımı” olacağı inandırıcı deyil”.

C.İbrahimli hesab edir ki, hazırkı məqamda məhsulu min bir əziyyətlə əkib-becərən fermerləri də düşünmək lazımdır:

“Məhsuldarlıq vəziyyətinə görə bir kiloqram kartofun becərilməsinin maya dəyəri 25-30 qəpikdir.  Saxlanma və nəqliyyat xərclərini nəzərə alsaq, kartofun qiyməti ən az 70-80 qəpik səviyyəsində olmalıdır. Bu qiymət həm istehsalçıların, həm də istehlakçıların yararına olar”.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Vüqar Hüseynov isə qeyd edir ki,  ölkədə kartof istehsalının həcmi daxili tələbatı tam təmin etməyə imkan verir, hətta daxili tələbatdan daha çox kartof istehsal olunur: 

“Qonşu İran və Türkiyədə milli valyutaların dəyərdən düşməsi ixracatı stimullaşdırıb, sahibkarlar məhsullarını xarici bazarlarda satmağa üstünlük verirlər. Milli valyutası sabit olan Azərbaycan bazarı İran və Türkiyənin kənd təsərrüfatı məhsulları ixracatçıları üçün cəlbedicidir, lakin bu, yerli istehsalçıların maraqlarına ziddir.

Yəni, fermer aylarla əziyyət çəkib kartof becərir, İran və Türkiyədən kartof idxalı isə onların əziyyətini heçə endirir. Dövlətin də vəzifəsi, ilk növbədə, yerli istehsalçıların maraqlarını müdafiə etməkdir. Nazirlər Kabinetinin qərarı buna xidmət edir”.

Problemin təkcə xaricdən kartof idxalı ilə bağlı olmadığını vurğulayan nazirlik rəsmisi deyir ki, söhbət vasitəçilərdən, fermerdən sahədə məhsulu ucuz alıb, bazarlarda baha satan dəllallardan, işbazlardan gedir: 

“Onlar İrandan ucuz kartof gətirməklə, yerli istehsalçını fakt qarşısında qoyur və onun məhsulunu dəyər-dəyməzinə satın alırlar. Nazirlər Kabinetinin qərarı isə vasitəçilərin qarşısında fermerin mövqeyini daha da gücləndirmiş olacaq.

Nazirlər Kabinetinin qərarı cəmi iki ay müddətinə, yəni məhsul yığımının yekunlaşdığı, sahələrdən topdansatışların ən çox həyata keçirildiyi sentyabr-oktyabr aylarını əhatə edir. Bu qərarın növbəti aylarda qüvvədə olması elə bir əhəmiyyət kəsb etmir, çünki kəndli öz məhsulunu bu iki ay ərzində artıq satmış olacaq.

Qəbul olunan qərar kartofun yalnız topdansatış qiymətinə təsir etmiş olur, pərakəndə satışa isə təsir etmir. Çünki vasitəçilərin (işbaz, dəllal, fürsətcil və s.) kəndlidən sahədən aldığı kartofun qiyməti ilə bazarda pərakəndə satışda realizə etdiyi qiymət arasında 2-3, bəzən dörd dəfə fərq olur.

İndiki situasiyada vasitəçi fermerdən məhsulu daha baha almalı olacaq, qiyməti az da olsa, fermer diktə edəcək, pərakəndə satış qiyməti isə indiki səviyyədə qalacaq. Hətta məhsulun bolluğu pərakəndə satış qiymətlərini daha da ucuzlaşdıra bilər”.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mətbuat katibi Nicat Nəsirli bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına dəstək verməkdir:

“Məlumatlara görə, artıq bu gündən İran istiqamətində ölkəyə kartof idxalına məhdudiyyət qoyulub. Bu, sevindirici addımdır, çünki bu il kartof sahələrində məhsuldarlıq yüksək olub, fermerlər məhsullarının satılmasında əziyyət çəkirdilər. Dövlət bu durğunluğa adekvat reaksiya verərək, istehsal-satış prosesini canlandırmağa çalışır”. 

N.Nəsirli bildirir ki, yazlıq kartof aprel-may ayları (“mayovka” adlandırılır) çıxarılır, mövsümi amillərə görə, satışında ciddi problem yaranmır:

“Əsas problem may-iyun aylarında yığılan məhsulla bağlıdır, iqlim amillərinə görə, bütün regionlarda eyni vaxtda yetişdiyi üçün, üstəlik, isti aylarda “ikinci çörəy”ə təlabat aşağı düşdüyü üçün satış zəifləyir, saxlama gücü olmadığına görə fermerlər ümidini satışa bağlayır. Bu qərar, təbii ki, yerli kartofun satışına, təkrar istehsalına müsbət təsir göstərəcək. 

Şübhəsiz ki, idxalın məhdudlaşdırılması fonunda yaxın iki ay ərzində vəziyyət xeyli dəyişəcək. Lakin kartofa tələbat daha çox soyuq aylarda artdığı üçün oktyabrdan sonrakı dövrdə idxal kartofu yenidən bazarlarımıza ayaq açacaq.

Adətən, dekabr ayından etibarən əhalinin tələbatı ilə yanaşı, qiymət də qalxmağa başlayır. Hazırda məhsulun sahədə topdansatış qiyməti 0.23-0.28 qəpik, iri topdansatış bazarlarında bir kiloqramı 0.45-0.55 qəpik arasında dəyişir, əhalinin seçimində favorit isə Tovuzdan gətirilən kartofdur. 

Lakin bu addım ölkənin ümumilikdə kartof idxalından asılılığını təkzib edə bilməz. Rəqəmlərə görə, “ikinci çörəy”ə ölkənin illik tələbatı 985 min tondur. Ötən il 58 min 772 min hektarda əkin aparılıb, 882 min ton məhsul tədarük olunub.

Statistikaya görə, tələbatla istehsal arasında olan fərq 103 min tondur. Lakin reallıqda ölkəyə payız-qış mövsümündə 160 min tona qədər kartof gətirilir. Bu, ölkə tələbatının 16%-ni təşkil edir.

Üstəlik, kartof ixracımız idxaldan azdır: ötən il 58 min tona qədər kartof ixrac etmiş, əvəzində 160 min ton alıb gətirmişik. Əsas kartof idxal etdiyimiz ölkələr İran, Rusiya, Gürcüstan və Türkiyədir. İstehsal həcminə, coğrafi yaxınlığına görə İran bu il kartof bazarımızın favoriti olacaq”. 

Ekspertin sözlərinə görə, ölkənin kartof bazarındakı idxaldan asılılıq faktorunu aradan qaldırmaq üçün saxlama imkanlarının - soyuducu anbar komplekslərinin inkişaf etdirilməsi son dərəcə vacibdir. 

Belə ki, saxlama imkanı olmadığı üçün məhsulu torpaqdan çıxan kimi satıb sonra qonşudan almaq məcburiyyətində qalırıq. Ölkədə kartof saxlamaq üçün ixtisaslaşmış anbar kompleksi azdır. 

N.Nəsirli deyir ki, ikinci ən ciddi problem ölkədə kartof toxumunun yetərincə olmamasıdır. Kartof toxumu Rusiya, Ukrayna, Polşadan gətirilir ki, bu da məhsulun maya dəyərinə ciddi təsir göstərir.

Nəzərə çatdıraq ki, hazırda daxili bazarda kartofun qiyməti 30-60 qəpik arasında dəyişir. Belə ki, bölgələrdə kartof 30 qəpik, paytaxtda isə 60 qəpik təşkil edir.

Nazirlər Kabinetinin qərarına fermerlərin münasibətini öyrəndik.  

Tovuz rayonundan olan kartof istehsalçısı bildirdi ki, qapıdan məhsulu 20 qəpikdən satır. Bu qiymət onun çəkdiyi xərcləri elə də qarşılamır: 

“Kartofu Rusiyaya aparıb satmaq daha sərfəli olsa da, baha başa gəlir. Belə ki, Rusiyaya kartof xüsusi soyuducusu olan maşınlarda daşınır. Maşın, yol xərci, eləcə də, əlavə dəyər vergisi daxil olmaqla, daşınma 5 min manatı ötür. Bu isə kartofun qiymətini hər kiloqrama görə 5 rubl artırır”.

Bu baxımdan, fermer məhsulun qapıdan satış qiymətinin 30 qəpiyə qaldırılmasının daha münasib olduğu fikrindədir: 

“Tədarükçüləri razı sala bilsək, qiyməti bir qədər artırardıq”.

Xəbər lenti