Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan hərraclarda özəlləşdirilən dövlət əmlakları fiziki və hüquqi şəxsləri əmlak sahibi etməklə yanaşı, özəl sektorda yeni biznes imkanları yaradır. Elektron hərraclar isə prosesi sürətləndirməklə bərabər, rahatlığı təmin edir.
Dövlət əmlaklarına elektron sifarişlərin verilməsi, onlayn qatılmaq kimi üstünlüklər iştirakçı aktivliyini artırır. Hər həftə keçirilən hərraclara müxtəlif sahələrə aid yüksək iqtisadi potensiallı dövlət əmlakları çıxarılır. Biznes fəaliyyətinə başlamaq istəyən şəxslərin hərracda geniş seçim imkanı və iştirakı uğurlu nəticəni onlar üçün əlçatan edir.
Komitənin keçirdiyi növbəti hərraclardan biri 16 oktyabr tarixində reallaşacaq. Komitədən Mynews.az-a verilən xəbərə görə, hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyəti, 13-ü kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 39-u isə nəqliyyat vasitəsidir. Hərraca təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və digər sahələrə aid səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının 30-45%-lik səhm paketləri hərraca çıxarılıb. Bu kateqoriyadan olan dövlət əmlaklarına Xırdalan Nəqliyyat, Bərdə Kərpic, Şəmkir Nəqliyyat Ekspedisiya və digərləri aiddir.
Kiçik dövlət müəssisələri isə Bakı, Gəncə, Ağdam, Lənkəran kimi şəhər və rayonlarda yerləşir. Bu əmlaklarının ümumi faydalı sahəsi 15 kv.m ilə 3763 kv.m intervalında, təyin olunan ilkin hərrac qiyməti isə müxtəlifdir. Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 145 saylı bufetin ümumi faydalı sahəsi 299 kv.m-dir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən bu obyektin ilkin hərrac qiyməti 74 min manatdır. Fəaliyyətinin bərpası ictimai iaşə obyektini sahibi üçün xidmət sahəsində yüksək gəlir mənbəyi edə bilər. Lənkəranda Əmlak kompleksi, Qobustanda Taxıl qəbul məntəqəsi və digər özəlləşməyə çıxarılan əmlaklar potensial hərrac iştirakçıları üçün maraqlı obyektlərdir.
Kiçik biznes sahələri üzrə ofis və ya digər xidmət obyekti kimi istifadəyə imkan verən qeyri-yaşayış sahələrinin 9-u Bakıda, 2-si isə Gəncə və Mingəçevirdə yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 19 kv.m ilə 177 kv.m aralığındadır. Paytaxtın Səbail rayonu, Ş.Ələkbərova küçəsi, 7 ünvanındakı qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 107 kv.m, ilkin hərrac qiyməti isə 80 min manatdır.
Avtomobil sahibi olmaq arzusunda olan şəxslər üçün bu dəfə hərracda geniş seçim imkanı mövcuddur. Buraxılış tarixləri 2005-2009-cu il olan nəqliyyat vasitələri DAEWOO, MAN LİON S Classik, BMW və Nissan markalarına aiddir.
Hərraclarda təqdim olunan imkanlardan istənilən şəxs yararlana bilər. Özəlləşməyə çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat öyrənmək və hərrac iştirakçısına çevrilmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Əmlak Məsələləri Dövlət Komitəsi mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi məkan anlayışı olmadan vaxta qənaəti təmin edən hərraclarda fəal iştirak etməyə dəvət edir.