USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

SOCAR prezidenti: “Şahdəniz”də 625 milyard kubmetr qaz ehtiyatı var

14:08 20.09.2018
SOCAR prezidenti: “Şahdəniz”də 625 milyard kubmetr qaz ehtiyatı var
14:08 20.09.2018

Dünyada qaza olan tələbatın getdikcə artdığı bir dövrdə 1999-cu ildə kəşf olunmuş və bir trilyon kubmetr həcmində qaz, iki milyard barel kondensat ehtiyatına malik “Şahdəniz” yatağının işlənilməsi təkcə Azərbaycan üçün deyil, bütün region və Avropa ölkələri üçün böyük əhəmiyyət daşıyan layihədir. İndiyədək yataqdan 94,39 milyard kubmetr təbii qaz və 24 milyon ton kondensat hasil edilib.

Mynews.az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev Neftçilər günü ilə bağlı “Xalq qəzeti”nə verdiyi müsahibəsində deyib.

Rövnəq Abdullayev bildirib ki, ekspert rəylərinə əsasən, hazırda “Şahdəniz”də hasil edilməmiş təxminən 625 milyard kubmetr qaz və 117,5 milyon ton kondensat ehtiyatı mövcuddur. 

“Yatağın işlənməsinin II mərhələsi uğurla davam etməkdədir. Bu layihənin həyata keçirilməsi Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçının təbii qaza olan ehtiyaclarını təmin etməyə hesablanıb. “Şahdəniz-2” ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq “Cənub Qaz Dəhlizi”nin əsas resurs mənbəyi, başlanğıc nöqtəsidir. Layihə üzrə ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur.

Bu məqsədlə tikilən iki platformanın dayaq blokları və üst tikililəri artıq dənizdə quraşdırılıb. Tarixdə ilk dəfə olaraq, belə bir böyük layihə üzrə bütün əsas tikinti işləri Azərbaycanda və əsasən, yerli mütəxəssislərin iştirakı ilə icra olunur. Böyük qürur hissi ilə deməliyik ki, “Şahdəniz” üçün tikilən yeni modullar, nəhəng platformaların dayaq blokları, bütövlükdə bütün tikinti-konstruksiya işləri məhz SOCAR-ın inşaat müəssisələrində həyata keçirilib. Səngəçal terminalında “Şahdəniz-2” qazını qəbul etmək üçün BP tərəfindən aparılan genişləndirmə işləri də artıq başa çatıb”. 

SOCAR rəsmisi qeyd edib ki, hazırda hasilatın başlanması ilə çıxarılacaq əlavə qaz həcmlərini qəbul və emal etmək üçün yeni qurğuların istismar sınaqları davam etdirilir. 

“SOCAR-ın Gəmiqayırma zavodunda məxsusi olaraq inşa edilmiş “Xankəndi” gəmisi ilə hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılması tamamlanıb. Sualtı xətlər, quyular, platformalar, terminal, bir sözlə, bütün zəruri infrastruktur ilk dəfə olaraq bir-biri ilə dənizin dibində əlaqələndirilib.

Məlumdur ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ildən Azərbaycan və Gürcüstanı, 2007-ci ilin iyul ayından isə Türkiyəni “Şahdəniz” (mərhələ-1) qazı ilə fasiləsiz təmin edir.

“Cənub Qaz Dəhlizi” yaradılarkən kəmərin genişləndirilməsi zərurəti meydana gəldi və bu layihə artıq başa çatdırılıb. CQBK-nin genişləndirilməsi layihəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçən 48 düym diametrlik yeni boru kəmərinin və həmçinin, Gürcüstan ərazisində iki ədəd yeni kompressor stansiyasının inşasını əhatə edib.

Bununla, boru kəmərinin ötürmə qabiliyyəti 23,4 milyard kubmetrə çatdırılıb və qaz nəqlinin ümumi həcmi üç dəfə artırılıb. Genişləndirilmiş CQBK-nin Gürcüstan-Türkiyə sərhədində qoşulduğu TANAP (Trans-Anadolu qaz boru kəməri) Türkiyə dövlətinin bütün ərazisi boyunca uzanaraq daşınan qazı qardaş ölkənin şərqindən qərbinə nəql edən ilk boru kəməri sistemidir”, - deyə R.Abdullayev vurğulayıb. 


Xəbər lenti

300x200r