İqtisadi təhlükəsizliyin təmin olunması, fiskal siyasətin uğurla həyata keçirilməsi məqsədilə gömrük orqanları bir sıra yeni layihələr, tətbiqlər həyata keçirir. Xüsusilə, son aylarda aparılan islahatlar çərçivəsində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması xarici ticarətin asan və sürətli şəkildə həyata keçirməyə imkan verməklə yanaşı, fiskal siyasətin də reallaşdırılmasında mühüm nailiyyətlər əldə olunmasına şərait yaradıb.
Dövlət Gömrük Komitəsindən Mynews.az-a verilən məlumata görə, gömrük sistemində aparılan bu islahatlar, eyni zamanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, vətəndaş məmnuniyyətinin artırılmasına, ticarətin asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə xidmət edir. Mütəmadi olaraq sahibkarlarla keçirilən görüşlərdə, komitənin rəsmi internet səhifəsi və media qurumları vasitəsilə görülən işlər barədə məlumat verilib və gömrük orqanlarının qanuni ticarəti daim dəstəkləyəcəyi, onun inkişafı üçün bütün zəruri addımları atacağı bəyan olunub.
Lakin ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli istehsalın inkişafı istiqamətində görülən tədbirlərə etinasız yanaşan bəzi xarici fəaliyyət iştirakçıları qanunvericiliyin tələblərinə əməl etməyərək idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışır.
Belə ki, 5722,52 manat əlavə ödəniş etməli olan "Kaspian Standart CO" MMC, 7353,8 manat əlavə ödəniş etməli olan "Polonia-Karqo" MMC və 2241,43 manat əlavə ödəniş etməli olan "Capital-Motors" MMC barəsindətoplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə, 34502,34 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Azerturk Business Group" MMC, 56573,95 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Casamia" MMC, 36847,00 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Polonia-Karqo" MMC və 4274 manat əlavə ödəniş edəcəyi müəyyən edilən"Dincer və Carcioğlu" şirkəti barəsində məlumatlar isə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq İdarəsinə göndərilib və əlavə ödənişlərin ödənilməsi təmin olunub. "Casamia" MMC tərəfindən 2 dəfə idxal edilən yükə aid invoys sənədi isə, ümumiyyətlə təqdim edilməyib. "İtaldizayn Group" QSC-nin tərkibinə daxil olan şirkətlərin invoys qiymətlərində isə 10916,1 avro fərq yarandığı müəyyən olunub.
İdxal etdikləri malları dəyərindən az göstərən hüquqi və fiziki şəxslərin adlarını və onların gömrük ödənişlərindən yayındırmağa çalışdıqları vəsaitlərin miqdarını aşağıdakı cədvəldə aydın görmək mümkündür:
Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində ayrı-ayrı fiziki və hüquqi şəxslər üzrə verilən sorğulara əsasən, ümumilikdə 552 915 manat məbləğində gömrük dəyərinin düzgün göstərilmədiyi müəyyən edilib, bu da öz növbəsində təxminən 199 049 manat gömrük ödənişindən yayındırılma deməkdir.
Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.