2024-cü ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü illə müqayisədə 42 % artaraq 694,2 milyon manat olub.
Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, bunun 65,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,5 %-i ictimai iaşə xidmətlərindən, 2,5 %-i müalicə və sağlamlıq xidmətlərindən, 7,5 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
“Flame Tours DMC MMC” şirkətinin satış müdiri İlahə Hacıyeva Mynews.az-a müsahibəsi zamanı bildirib ki, Azərbaycanın turizm potensialı uzun illərdir əcnəbi turistlərin diqqətini çəkməkdədir. Hal-hazırda əsas turistik marşurutlar Bakı-Şamaxı-Qəbələ-Şəki və Bakı-Quba-Qusardır. Paytaxt və digər şəhərlərdə dünyaca məşhur otel şəbəkələrinin mehmanxanaları fəaliyyət göstərir. Müxtəlif büdcələrə uyğun otellər və hostellərin mövcudluğu turistləri daha çox cəlb edir. Həmçinin muzey və restoran qiymətlərinin uyğunluğu da turist istiqaməti kimi Azərbaycanı önə çəkir. Azərbaycan pavilyonları dünyanın müxtəlif nüfuzlu turizm sərgilərində hər il daha çox ziyarətci cəlb edir. Bu il də ənənəvi olaraq Hindistan,Türkiyə, Rusiya, Orta Asiya və digər ölkələrdəki turizm sərgilərində ölkəmiz müxtəlif turizm şirkətləri tərəfindən təmsil olunacaqdır. Bu sərgilər ölkənin turizm potensialını göstərmək və təbliğat üçün xüsusi əhəmiyyət daşıyır.
Həmçinin artan turist marağını nəzərə alaraq Nabran, Lənkəran, Gəncə kimi şəhərləri də turist marşurutlarına cəlb olunması üçün bu ərazilərdə standartlara uyğun meymanxanalar tikilməlidir. Bunun üçün yerli və xarici investorlar cəlb olunmalıdır. Əlbəttə ki, digər önəmli nüans bu turizm obyektlərinin standartlara uyğun idarə olunması üçün kadrların yetişdirilməsidir. Təəssüf hissi ilə qeyd etməliyik ki, hələ də regionlarımızda xidmət sahəsində çatışmazlıqlar qalmaqdadır. Bu baxımdan qonşu Gürcüstan və Türkiyənin təcrübələrinə baxa bilərik. Xüsusilə 5 ulduz otellər xidmət sahəsindəki nöqsanları aradan qaldırmaq üçün çalışmalıdır. Turizm təhsilli gənclər təcrübə keçmək üçün işlərə cəlb olunmalıdır.