Metroda yeniliklər - Yeni yol tipinə keçiləcək FOTO

738
Metroda yeniliklər - Yeni yol tipinə keçiləcək FOTO

Bakı Metropilitenində bir sıra yeniliklər edilib.

Mynews.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, Bakı Metropolitenində 2015-ci ildə çoxfunksiyalı diaqnostika kompleksinin istismara verilməsindən bəri 60 km-dən artıq yol plan və profildə əla qiymətə layiq vəziyyətə gətirilib. Keçən ilin sonuna artıq qeyri-kafi qiymətli yol qalmayıb.


"Yaxşı" və "kafi" qiymətli yolların uzunluğu 2015-ci ildə 30 km-ə yüksəldilmişdisə, artıq həmin yollar "əla" kateqoriyasına keçdiyindən, bu rəqəm də 6 km-ə endirilib.

Yol təsərrüfatı dünya praktikasında ilk dəfə daşınması asan olan planşet və noutbuklarla təchiz olunub. Bu isə kompleksin qeydə aldığı irihəcmli göstəriciləri yerində əyani şəkildə təhlil etməyə, problemlərin əsas səbəblərini operativ surətdə müəyyən etməyə, nəticə çıxarmağa və s. araşdırmalara imkan verir.

Ümumiyyətlə, 2014-2016-cı illər ərzində 43 min 200 metr rels, 7200 uzun və 756 gödək şpal yenisi ilə əvəzlənib, 1200 metr yolda qaldırma təmiri aparılıb. Bu, yolların rəvan vəziyyətə gətirilməsinə xüsusi təsir göstərib.

 

Yeniliklər sırasında bir çox ölkələrdə şpalların təmirində geniş yer alan kompozit maddənin tətbiqi də diqqətə layiqdir. Ondan şpallardakı çatların, köhnə şurup yerlərinin və şpalla beton arasındakı boşluqların doldurulması üçün istifadə edilir. Əvvəllər şpalın köhnə şurup yerləri adi taxta tıxaclarla doldurulurdu. Bu tıxaclar suyun, palçığın təsiri altında çürüyüb dağılırdı. Yeni maddənin tətbiqi ilə belə hallar aradan qaldırılıb. Hazırda yeni üsulla artıq 1500-dən çox şpal təmir olunub.

Keçən il Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk xəttin - Bənövşəyi xəttin 5,5 km-lik sahəsi istismara verilib. Burada metropoliten yolları üçün daha bir əhəmiyyətli yenilik rels-qaynaq sahəsində edilib. Belə ki, yeni xətdə relslər və təmas relsləri yoldan çıxarılmadan alümin-termit üsulu ilə qaynaq edilir.

Ən əhəmiyyətli yenilik isə yeni inşa olunan xətlərdə beton blokların tətbiqi olacaq. Bununla bağlı son hazırlıq tədbirləri yekunlaşmaq üzrədir. Bu yeniliyin tətbiqi nəticəsində yerli şəraitdə istehsalı da nəzərə alınmaqla, yolların daha keyfiyyətli və sürətli olmasına, davamlı və uzunömürlü materiallarla təchiz edilməsinə, şpalların ölkəyə kənardan gətirilməsi asılılığının azaltmasına, onlara qulluğun dəfələrlə sadələşməsinə və asanlaşmasına nail olunacaq. Sonrakı dövrlərdə istismarda olan yollarda da beton bloklar taxta şpallarla əvəz ediləcək.



Prosesin məntiqi yekunu Bakı Metropoliteninin Avropa standartlarına - hazırda dünyanın əksər ölkələrində uğurla tətbiq edilən RHEDA yol tipinə keçid olacaq. Bu, gələcəkdə yol təsərrüfatının tam yeni əsaslara keçirilməsinin təməli olmaqla, onun potensialının, işin səmərəsinin artırılmasını, maddi-texniki bazasının yenidən qurulmasını təmin edəcək.

Xəbər lenti