Azərbaycanın dövlət xarici borcunun həcmi 2016-cı ilin sonuna 6 mlrd. 913,2 mln. ABŞ dolları təşkil edib (adambaşına 700 dollar) və illik müqayisədə 18,9 mln. dollar və ya 0,27% artıb.
Mynews.az "Report"a istinadən xəbər verir ki, xarici borcun adambaşı məbləği isə son bir ildə 20,5 dollar və ya 2,85% azalaraq 698,2 dollar təşkil edib.
Xarici borcun ÜDM-ə nisbəti son 11 ilin maksimal həddinə çatıb və 20,4%-ə bərabər olub. Lakin buna baxmayaraq, Azərbaycanın dövlət xarici borcunun ÜDM-ə nisbəti dünya standartlarında icazə verilən şərti norma - 50%-dən çox aşağıdır.
Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycanın özəl və bank sektorunun təxmini xarici borcu 2016-cı ilin sonuna 12 mlrd. dollar səviyyəsinə çatıb.
Nəticədə, Azərbaycanın məcmu xarici borcu 19 mlrd. dollara yaxınlaşır və ÜDM-ə nisbəti təxminən 56%-dir. Azərbaycan xarici borc üzrə bir sıra şərti beynəlxalq normativlərə riayət edir. Belə ki, Azərbaycanın beynəlxalq ehtiyatlarında dövlət xarici borcunun xüsusi çəkisi 20,85%-ə bərabərdir.
Başqa sözlə, beynəlxalq ehtiyatlar xarici borcu 5 dəfəyə yaxın üstələyir. Dövlət xarici borcunun ixraca nisbəti isə 2016-cı ilin sonuna 75% təşkil edib ki, bu göstərici üçün icazə verilən maksimal hədd 275%-dir.
Azərbaycanın 2016-cı ilin sonuna ixracının məcmu xarici borca nisbəti isə 209% olub ki, burada minimal təhlükəli hədd 30%-dən aşağı hesab olunur.