Bir müddət dollara nisbətən ucuzlaşan manat Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aprelin 4-də keçirilən hərracda gözlənilmədən möhkəmlənərək 5 aylıq maksimumu yeniləyib.
Mynews.az xəbər verir ki, APA tərəfindən aparılan təhlil göstərir ki, AMB tərəfindən aprelin 5-i üçün 1,7140 səviyyəsində müəyyən olunan USD/AZN rəsmi məzənnəsi ötən ilin noyabr ayının 23-də (1,7146) qeydə alınan göstəriciyə olduqca yaxındır.
Həmin dövrdən etibarən manatın məzənnəsində volatillik müşahidə olunub. Lakin bu müddət ərzində USD/AZN rəsmi məzənnəsi bu günə müəyyən olunan səviyyəyədək enməyib.
Ötən ilin noyabr ayının 23-dən cari ilin fevralın 4-dək olan müddət ərzində dolların manata nisbətən ən yüksək məzənnəsi 1-2 fevral tarixlərində qeydə alınıb.
O zaman dollar 1,9200 manatadək bahalaşa bilib. Beləliklə, fevral ayının 2-si ilə müqayisədə manat 10,7% bahalaşıb.
Ümumiyyətlə, ilin əvvəlindən manat dollara nisbətən 3,2% möhkəmlənib.
Aprelin 4-ü ilə müqayisədə isə bu günə olan USD/AZN rəsmi məzənnəsi 0,6% bahalaşıb. Xatırladaq ki, AMB aprelin 4-ə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsində müəyyən edib.
Onu da qeyd edək ki, aprelin 4-də AMB-də Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı baş tutub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşmışdı.