Son aylar dollar manata nisbətində dəyər itirir. Banklararası hərracda bu gün dolların orta çəkili məzənnəsi 1.60 səviyyəsində müəyyən edilib. İndi vətəndaşları maraqlandıran əsas məsələ manatın dollar qarşısında daha nə qədər möhkəmlənəcəyi, dolların məzənnəsinin bundan aşağı düşməsi və ya ani bir dollar artımının ola biləcəyi ilə bağlıdır.
Hazırkı durumu və növbəti aylarda manatla bağlı gözləntiləri Publika.az-a şərh edən iqtisadçı ekspert Vüqar Bayramov dolların məzənnəsinin dəyişməsinin həm manat kütləsinin azalması, həm də büdcə xərcləmələri ilə bağlı olduğunu deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank depozit hərraclarını davam etdirəcəksə, dollara tələb azalacaq: “Ölkədə dollarlaşma prosesi çox sürətlə getdi, vətəndaşlar ehtiyatlarının böyük bir hissəsini dollara çevirdilər. Nəticədə vəsaiti dollar, xərcləmələri manat olan həmin şəxslər bu gün manat qıtlığı yaşayır. Dollarlaşmanın yüksək səviyyədə olması, hərraclarda dollara tələbi azaldıb. Həmçinin vətəndaşların da manatla edilən xərclərinin və ödənişlərinin dollara tələbi azaltdığı müşahidə edilir.
Dolların məzənnəsinin aşağı düşməsinin ikinci bir səbəbi büdcə xərcləmələri ilə bağlıdır. Büdcənin investisiya xərcləmələrində hələ ki, ciddi bir artım yoxdur. Bu xərclər artsa, dollara tələb də çoxalacaq. Çünki investisiya, infrasturuktur xərclərinin əhəmiyyətli hissəsi idxal məhsullarının almasına yönəlir ki, bu da dollara tələbi artırır. Bu xərclərin optimallaşdırılması dollara olan tələbə təsir göstərib. Yəni bu, dövriyyəyə büdcə vasitəsilə daxil olan manatın həcminə təsir göstərməklə dollara tələbi optimallaşdıra bilir. Bundan başqa əvvəlki illərdə Beynəlxalq bankın hərraclarda iştirakı dollara böyük tələb yaradırdı. İndi Beynəlxalq Bank hərraclarda iştirak etmədiyi üçün bu tələb də aşağı enib. Çünki hərraclardakı tələb də dolların kursuna təsir edir”.
Ekspert bildirib ki, bu prosesin hansı müddətə davam edəcəyini, dolların hansı səviyyəyə düşəcəyi sadalanan proseslərdən asılıdır: “Beynəlxalq bank yenidən hərraclarda iştirak edərsə, dolların məzənnəsi arta bilər. Çünki aparıcı bankarın təsir imkanları yüksək olduğundan bu, dolların məzənnəsinə təsir göstərə bilir. Belə görünür ki, Mərkəzi Bank mövcud siyasətini davam etdirməyə və bununla da manatın qiymətini optimallaşdırmağa çalışır. Xüsusən, manat bazasındakı dəyişiklikləri, büdcə xərclərini nəzərə almadan manatın məzənnəsini proqnozlaşdırmaq mümkün deyil. Lakin bunların necə dəyişəcəyi Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən verilən qərarlardan asılıdır. Görünən odur ki, Mərkəzi Bank iyun ayınadək manatın bazar dəyərini müəyyənləşdirməyə çalışacaq. İyun ayından etibarən manat dollara nisbətən məzənnəsini daha stabil hala gətirə bilər. Lakin Mərkəzi Bankın buna nail olub-olmayacağını demək çətindir. Çünki bu, yalnız yerli iqtisadi faktorlar deyil, neftin dünya bazarındakı qiyməti, digər xarici faktorlardan asılıdır. Bütün hallarda reallıq valyuta bazarında dollara tələbin aşağı olduğunu göstərir”.
Yenidən dolların məzənnəsinin 1.90 səviyyəsinə yüksəlməsinin mümkünlüyünə gəldikdə, iqtisadçı eskpert bunu proqnozlaşdırmağın çətin olmadığını dedi: “Bu manat bazasının dəyişməsindən asılıdır. Belə bir proqnozu vermək üçün iqtisadi dəyişənlər - manat bazası, büdcə xərclər bağlı məlumatların əldə edilməsinə ehtiyac var. Lakin bunlar inzibati tənzimləmələr olduğuna görə proqnozlaşdırmaq da mümkün deyil. Mərkəzi bank manat hərraclarını davam etdirsə, dolların qiyməti enməkdə davam edəcək. Lakin hərracı dayandırıb, mərkəzləşmiş kredit ayırsa, o zaman azalma dayana bilər. Ona görə bu məsələdə manat dövriyyəsi son dərəcə önəmlidir. Manat dövriyyəsinin necə artacağı ilə bağlı proqnoz olmadığına görə indiki məqamda iqtisadi baxımdan bunu proqnozlaşdırmaq mümkün deyil. Lakin gözlənilən odur ki, Mərkəzi Bank növbəti dövrlərdə kəskin dəyişmələrin qarşısını almağa çalışacaq”.