Mart-aprel aylarında dolların bahalaşcağıl ilə bağlı verilən proqnozlar özünü doğrultmur. Belə ki, son günlər dolların məzənnəsində ucuzlaşma hiss olunur.
Ucuzlaşma davam edərsə, dollar əvvəlki səviyyəsinə, yəni, 0,78 AZN-ə qayıda bilərmi?
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, dolların ucuzlaşması üçün iqtisadi səbəb axtarmağa dəyməz. Çünki iqtisadi proseslərin nəticəsi deyil:
“Məzənnə bu günə qədər necə inzibati qaydada tənzimlənirsə, bu gün də inzibati qaydada tənzimlənir. Hər hansı məhsulun ucuzlaşması o vaxt baş verə bilər ki, bazarda həmin məhsulun bolluğuna nail olunsun. Valyuta da həmin mal növlərindən biridir. Azərbaycanın xarici siyasətində ciddi dəyişiklik, eləcə də neftdən başqa qeyri-neft sektoru ilə bağlı irəliləyiş və dəyişiklik yoxdursa, deməli ölkəmizə daxil olan valyutanın həcmində də əvvəlki dövrlə müqayisədə heç bir dəyişikliyə uğramayıb. Yəni, yanvar ayında 1.92 olan məzənnə 1-70-ə qədər ucuzlaşıbsa, bunun bir iqtisadi səbəbi yoxdur. Yeganə iqtisadiyyata aid olan səbəbi odur ki, Mərkəzi Bank dövriyyədə olan manat kütləsini kifayət qədər aşağı salıb. Bu da müəyyən dərəcədə məzənnəyə təsir edir”.