“Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4 və 3.5-ci maddələrinin implementasiyasına dair 04/15-174 nömrəli tərəfindən verilən daxili qərarla qanunun tələblərini ciddi şəkildə pozur”.
Bu barədə “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
“Azərbaycanda vətəndaş cəmiyyəti institutları arasında 3000-dən artıq fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müəyyən daxili qərarlar əsasında sıxışdırılması və qanunun tələblərinin doğru icra olunmaması fəaliyyətdə olan təşkilatların həyata keçirilməkdə olan layihələrinə və bilavasitə öhdəliklərinə ciddi problemlər yaratmaqdadır.
Qanun layihəsinin icrasına tələsməkdə olan bəzi banklar, MBNP-nın daxili qərarı ilə Qeyri-hökumət təşkilatları haqqında qanuna, Qrant haqqında olan qanuna və s. qanun müddəalarının tələblərini pozmaqdadır.
Azərbaycanda daima vətəndaş cəmiyyəti institutları bilavasitə QHT-lər və Gənclər təşkilatları bütün proseslərdə yaxından iştirak etmiş, Azərbaycan dövlətinin maraqlarının qorunmasında, gənclərin inkişafında əvəzsiz və aparıcı rola malik olmuşdur.
Belə ki, regionlardakı gənclərin stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, yeni biliklərin əldə olunması, eynisi ilə beynəlxalq layihələrdə müxtəlif tərəfdaşlıqda iştirak edən təşkilatların fəaliyyəti banklar tərəfindən daxili qərar əsnasında məhdudlaşdırılmaqdadır.
Qrant müqaviləsini dövlət satınalma müqaviləsi ilə, ictimai birlikləri isə sahibkarlıq obyektləri ilə səhv salan banklar qeyri-hökumət təşkilatına, o cümlədən gənclər təşkilatlarına sadələşmiş vergi ödəyicisi kimi ayda 15000 manata qədər qrant vəsaitini nağdlaşdırmağa qanunla qadağa qoymaq hüququna malik deyil.
Qanun tələbi 15000 manat olduğu təqdirdə banklara göndərilən daxili qərarla bu vəsaiti 5000 manata endirilməsi Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununa qarşı çıxmaq deməkdir.
Banklar qarşısında xüsusi cərimələrlə çıxış edən MBNP-sı onlara xüsusi aktlar tərtib etməklə bankların imicini təşkilatlar, fiziki və hüquqi şəxslər qarşısında daha da aşağı salmaqdadır.
Bu kimi problemlərlə qarşılaşan şəxslərin sayı gündən-günə artır və artıq ciddi problemlər olaraq səsləndirilir.
Bizlər hər zaman Azərbaycanda vətəndaş cəmiyyəti institutların yaradılmış demokratik mühit haqqında danışdıqlarımıza, beynəlxalq təşkilatlar qarşısında müdafiə mövqeyində durmağımıza baxmayaraq, bu kimi yaradılmış süni əngəllərin fəaliyyətimizdə problemlərin yaratması bəzi təşkilatlar üçün artıq bayraq funksiyası daşıyır ki, bu da bizlərin formalaşdığımız mühitə təsir edir.
Azərbaycanda hamı ilə nağdsız hesablaşma tələbi qoyan MBNP-sı bankların verdiyi daxili qərarın bir çox müddəaları qanunu birbaşa təkzib edir. Banklara verilən təlimatlardakı məzmun özü bu tələbləri qanun qarşısında yalnış istiqamətdə yönəldir.
Azərbaycanda fəaliyyət göstərən QHT-lərin qeyri kommersiya təşkilatı olduğunu, bütün qeyri-kommersiya fəaliyyəti ilə vergi ödəmələrindən azad olduğunu, əsas məqsədinin gəlir əldə etmək olmadığını, əvəzi ödənilməyən dövlət maliyyəsi əsnasında alınan qrantları və xidməti müqavilələri sahibkarlıq obyekti olmadığını unudan banklar sırasında MBNP-nın qoyduğu tələblərə riayət edən bir çox banklar yer alır ki, onlar da daxili qərarları yanlış qaydada icra edir.
Qanun tələblərimi üstündür, yoxsa Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi daxili qərarmı bunu aydınlaşdırmağa çalışırıq?!”, - deyə M.Seyidov qeyd edib.