2017-ci ildən başlayaraq Vergilər Nazirliyi ödəmə mənbəyində vergi bəyannaməsinin yeni formasını təsdiq edib.
Həmin bəyannamə formasına əsasən isə banklar məcbur edilir ki, əmanət hesabı sahibinin adı, soyadı atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin pin məlumatı, vətəndaşlığı və əmanət hesabı üzrə əldə edilən faiz məbləği barədə məlumatları vergi orqanına təqdim edilsin. Banklarda əmanət yerləşdirərək faiz gəliri əldə edən şəxslər 2016-cı ildən 7 il müddətinə gəlir vergisindən azad olsalar da, bu məlumatların vergi orqanlarına verilməsində məqsəd aydın deyil. Ekspertlər bildirirlər ki, pulların banklarda deyil, yastıq altında saxlanılmasının bir səbəbi budur.
Bəs qanunvericilik nə deyir?
Vergi üzrə ekspert Vəli Əliyev fins.az-a bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967.2-ci maddəsinə əsasən bank sirri təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsində isə qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Həmin qanunun 41.2-ci maddəsinə əsasən dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir.
Ekspert əlavə edib ki, bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir: "Banklar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər barədə bank sirrini təşkil edən məlumatları vergi orqanına Vergi Məcəlləsinin 76-cı maddəsinə əsasən sorğu əsasında təqdim edə bilərlər". Bu da o deməkdir ki, banklar bank sirrinə daha təminat verə bilmirlər.