Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu kütləvi informasiya vasitələrində Mehman Qələndərovun Bakı istintaq təcridxanasında intiharı ilə bağlı yayımlanan müxtəlif xəbərlər barədə birgə məlumat yayıb.
Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilir ki, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Mehman Qələndərov 2017-ci il fevralın 7-də Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bununla əlaqədar M.Qələndərov Bakı istintaq təcridxanasına yerləşdirilib. İstintaqın gedişində onun əməlləri göstərilən Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilib.
M.Qələndərov 2017-ci il aprelin 28-də təcridxananın 2 saylı korpusunda saxlanıldığı ikinəfərlik 57 nömrəli kamerada yataq dəstindəki döşəyin üzlüyünü cıraraq ip formasına salıb, saat 13:30 radələrində kamera yoldaşının yuxuya getməsindən istifadə edərək həmin ipi pəncərənin dəmir barmaqlığına bağlayaraq özünü asaraq intihar edib.
Faktla bağlı Penitensiar xidmət tərəfindən xidməti araşdırma aparılıb və prokurorluğa məlumat verilib.
Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən Səhiyyə Nazirliyinin Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin ekspertlərinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.
İlkin araşdırmalarla Bakı istintaq təcridxanasının əməkdaşları tərəfindən M.Qələndərova qarşı təzyiq göstərilməsi, işgəncələr verilməsi və yaxud hər hansı qanunazidd hərəkətlərə yol verilməsi müəyyən edilməyib.
Bununla belə xidməti araşdırma zamanı vəzifələrin layiqincə yerinə yetirilməməsi, nəzarət işinin zəif olduğu ucbatından intihar faktının qarşısının alınmamasına görə təcridxananın nəzarətçisi və tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib, rejim nəzarət şöbəsinin rəisinə töhmət verilib.
İstintaq zamanı M.Qələndərov törətdiyi cinayəti etiraf edib. Habelə mərhumun hər hansı siyasi partiyanın üzvü olması barədə məlumatlar araşdırmalarla təsdiqini tapmayıb.
Hazırda cinayət işi istintaqın davam etdirilməsi məqsədilə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin icraatına verilib. İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılaraq, M.Qələndərovun özünü öldürmə həddinə çatdırma xüsusatları da araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
qafqazinfo.az