Dünən Mingəçevir şəhərində baş vermiş dəhşətli qətl hadisəsinin şok təfərrüatı üzə çıxıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Mingəçevir şəhərinin Xətai 16 ünvanındakı yaşayış binasında şəhər sakini Kənan Əzizovun həyat yoldaşı, iki uşaq anası Əzizova Günel Yusif qızını əslində qısqanclıq zəminində deyil, ailə münaqişəsi səbəbindən öldürdüyü üzə çıxıb.
Məlum olub ki, ər həyat yoldaşına 25 bıçaq zərbəsi endirdikdən sonra balta ilə onun başını kəsməyə çalışıb. Qadın hadisə yerindəcə keçinib.
Günel Əzizovanın bacısı Gülşən xanım deyib ki, hadisəyə bacısının qayınanası ilə yola getməməsi səbəb olub: “Bacımın qaynanası Nailə xanım sələmlə pul verir. O, dəfələrlə bacımı verdiyi sələmlərin faizini yığmaq üçün ünvanlara göndərirdi. Bacım isə həmişə bizə deyirdi ki, haram pul yeməkdən bezib. Bu zaman evlərində həmişə dava-dalaş olurdu. Mən hadisə olan günü uşaqlarımı xəstəxanaya gətirmişdim. Özüm Mingəçevirin Tərəvəzçilik sovxozunda oluram. Günorta bacımgilə zəng vurub hal-əhval soruşdum. Telefonu əri götürdü, yalandan dedi ki, guya Günel yuxa bişirir. Sən demə, saat 3 radələrində bacımı əri, baldızı və qaynanası birlikdə öldürüblər. Saat 4-də yenidən yığıb danışmaq istədim. Bu dəfə qayınanası götürdü telefonu və dedi ki, Kənan Güneli öldürüb, gəlin meyitinizə sahib çıxın”.
Qeyd edək ki, G.Əzizova hələ ki, dəfn edilməyib. Mərhumun anası Xumar xanım qarşı tərəfin gəlməsini tələb edib.
12:50
Mingəçevir şəhərində arvadını amansızlıqla qətlə yetirən şəxs tutulub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Mingəçevir şəhərinin Xətai küçəsindəki yaşayış binasında qeydə alınıb. Şəhər sakini Kənan Əzizov qısqanclıq zəminində aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı Əzizova Günel Yusif qızını bıçaqlayaraq qətlə yetirib.
Məlumata görə, iki uşaq anası Günel Əzizovanın bıçaqla başını kəsərək hadisə yerindən qaçan Kənan Əzizov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tapılaraq istintaqa təhvil verilib. Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.