Öz evində qızını başqa kişi ilə görüşdürən ananın qan donduran cinayəti

745
Öz evində qızını başqa kişi ilə görüşdürən ananın qan donduran cinayəti

Vəkil İkram Abdullayev: "Cinayət iştirakçılarının dairəsi müəyyənləşdirilməyib"

Məmmədov Sədi Bəhram oğlu ilə Mahmudova Lalə Yaşar qızı əlbir olaraq 26 sentyabr 2015-ci ildə, saat 3-4 radələrində Yasamal rayonu, İzmir küçəsi 5, mənzil 55-də sonuncunun əri Mahmudov Kamran Zaid oğlunu yatmış vəziyyətdə gülləyərək öldürüb. Daha sonra S.Məmmədov onun meyitini hamam otağında doğrayıb hissələrə bölərək, torbalara yığaraq özünün “BMW” markalı, Az 10 KA 009 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq İsmayıllı rayonu, Talıstan kəndinə aparıb qardaşı Əli Məmmədovun bağ sahəsində basdırıb.

Faktla bağlı 30 sentyabr 2015-ci ildə Yasamal rayonu Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.

Zərər çəkmiş şəxs Kamran Mahmudovun qardaşı Elçin Mahmudov və onun hüquqi nümayəndəsi, vəkil İkram Abdullayev “Bizim Yol”a müsahibə verib olayın təfərrüatını açıqlayıblar.
– Elçin bəy, qardaşınızın öldürülməsinə səbəb nədir?

– Qardaşım 26 sentyabr 2015-ci ildə, gecə saat 01.20-də evinə gəlib. On dəqiqədən sonra isə Lalənin sevgilisi Sədi binanın qarşısında olub. Çox güman ki, Lalə ərinə və övladlarına yuxu dərmanı verib yatızdırıb. Onlar yatandan sonra Sədi evə dəvət olunub. Məncə, qardaşımın ölümünə əsas səbəb puldur. Belə ki hadisədən öncə evdən 12000 dollar itib. Bundan sonra ailədə davamlı münaqişə başlayıb. Mən qardaşımla oğurluq faktını müzakirə etdim. O, mənə dedi ki, ev qapısının açarının sürətini çıxartmaq mümkün deyil. Məndən “necə ola bilər ki, zinət əşyalarını götürmədilər, amma pulu götürdülər” deyə soruşdu. Lalə Sədinin evə daxil olaraq pulu götürməsinə şərait yaradıb. Sədi ilə Laləni tanış edən, onların öz evində görüşməsinə şərait yaradan Lalənin anası Tacirə Yusifova olub. Qardaşım həyat yoldaşının anasıgildə olduğunu bildiyi üçün Lalənin hərəkətlərindən, onun Sədi ilə münasibətindən xəbərsiz imiş. Axı necə şübhələnsin. Kim inanar ki, ana qızını başqa kişi ilə evində görüşdürə bilər.

Lalənin atası ilə qardaşı vəfat edib, onların cənazəsini yerdən Kamran götürüb, yas mərasimlərini təşkil edib. Laləgilin Kamrandan başqa heç kimi olmayıb. Bu da qardaşımın yaxşılığı. Sədi sahibkarlıq fəaliyyəti ilə məşğul idi, mağazası vardı.

– Oğurluqla bağlı polisə müraciət olunmuşdu?

– Oğurluq faktı iyun ayında olub. Amma polisə müraciət olunmayıb. Mağazadan da pul oğurlanmışdı. Lalə oğurluqdan xəbərsiz olduğunu deyirdi. Lalənin anası isə bunu “şeytan işi” adlandırırdı. Şeytan evdən pulu götürür, amma Laləyə məxsus zinət əşyasını götürmür?

– Qardaşınız Sədini tanıyırdı?

– Onun varlığından qardaşım xəbərsiz olub. Bəlkə də tanısaydı şübhələri olardı. Ola bilər ki, Lalə pulu götürüb Sədiyə verib. Tamahkardılar. Qardaşım Lalədən şübhələnib və çox güman ki, ona boşanacağını deyib. Onlar da var-dövlətin və evin Laləyə qalması üçün öldürmək yolunu seçiblər. Lalə ilə Sədi istintaqa qardaşımı öldürdüklərini etiraf ediblər. İstintaq hərəkətləri davam etdirilir.

– Sədi nə işlə məşğul olub?

– Sədi Moskva Univermağında qızıl alqı-satqısı ilə məşğul olub. Lalənin anası Tacirənin də Mərkəzi Univermağın yanında balaca obyekti var. Həmin obyekti Sədiyə icarəyə verib. Sədi burada da zərgərlik fəaliyyəti ilə məşğul olub. Tacirə Yusifova müəllimə olub, hazırda təqaüddədir. Lalə isə Respublika Dəri-Zöhrəvi Dispanserində tibb bacısı işləyirdi. Bax, peşəsinə görə də şübhə yaranır ki, Lalə ərinə yuxu dərmanı içizdirib, yatandan sonra Sədini evə çağırıb. Qardaşım ayıq yatan adam idi, ona yuxu dərmanı verilməsəydi, Sədinin evə daxil olmasını hiss edərdi. Onların qapısı səs-küylə açılır. Yəqin uşaqlara da yuxu dərmanı verilib. Qardaşıma 3 güllə vurulub. Sonra onu birlikdə hamamda doğrayıblar.

– İkram müəllim, istintaqın gedişindən razısınız?

– Müəyyən narazılığımız var. Biz hesab edirik ki, istintaq ləng gedir. Eyni zamanda, bu işdə əli olanların dairəsi tam müəyyənləşməyib. Məsələn, Sədinin cəsədi basdırdığı bağ qardaşının istifadəsində olan sahədir. Biz düşünürük ki, qardaşı Sədinin bağa gəlməsini, lapatka axtarmasını, yer qazmasını və cəsədi basdırmasını görüb. Yəni Sədinin qardaşı cinayəti bilib gizlədib. İstintaq onun əməlinə hələ hüquqi qiymət verməyib. Onu dindirib buraxıblar. Sentyabr ayı ağac əkilən vaxt deyil. Həm də ağac əkməyə gəlibsə, maşında ağac görünməlidi.

Lalənin anasının da əməlinə hüquqi qiymət verməyib. Hesab edirəm ki, Tacirə Yusifova ana kimi bu məsələnin qarşısını almalı idi, onların görüşünə mane olmalı idi.

Maraqlı hallardan biri budur ki, odlu silahın səsinə qonşular oyanmayıb, evdəki övladları durmayıb. Ola bilsin ki, mərhum birinci atəşə ayılıb, ölməyib deyə daha iki güllə də vurublar. Çox güman ki, odlu silahda səsboğucudan istifadə olunub. Bax, bu maraqlı hallar bizə məlum deyil. Bunları ancaq güman edirik. Hesab edirik ki, istintaq ləng gedir. Aparılsaydı, indiyə kimi çox məlumatı əldə etmək olardı.

Bu bənzəri olmayan cinayətdir. Görün, arvadın ərinə nə qədər nifrəti olub ki, onu öldürməklə kifayətlənməyib, doğrayıb. İstintaq bu halı açıb ortaya qoymalıdır.

Sədi də ailəlidir. Axı onu nə vadar edib ki, ağır cinayətə əl atıb? Niyə bu boyda qaniçənlik ediblər? Bax, bunları istintaq müəyyənləşdirməlidir.

Elçin bəy, Lalə 15 ildir ki, qardaşınızla ailəlidir, onun psixoloji durumu necə olub?

– Lalədən aqressiya gözləmirdik və bu onda görünmürdü də. Psixoloji durumu normal olub. Onu cinayətə sürükləyən tamahkarlığı olub. Bilərəkdən qardaşımı öldürüb. Bu cinayət işi planlaşdırılıb. Bir gün öncədən evə sellofan gətirilib, gizlədilib. Qardaşım ağır çəkili olub. Onu doğramaq çətin məsələdir, onun 120 kilo çəkisi var idi. Boyu 1.75 metr olub. Qardaşım nəylə doğranıb, o bizə hələ də məlum deyil. Bunu istintaq müəyyənləşdirməlidir.

– Siz nə vaxt xəbər tutdunuz ki, qardaşınız itib?

– Elə öldürüldüyü gün. Kamranın mağazasının işçiləri mənə zəng edərək qardaşımın telefonuna zəng çatmadığını dedilər. Mən də onlara “narahat olmayın, bir müddətdən sonra cavab verər” dedim. Bir müddətdən sonra özüm də Kamrana zəng etdim. Telefonuna zəng çatmadı. Ölümündən bir gün sonra, yəni sentyabrın 27-də evinə getdim. Lalədən qardaşımın harda olduğunu soruşdum. Onun mənə cavabı belə oldu: “Bilmirəm hara gedib. Mən saat 09.00-da işə getdim, o evdə idi, mən evə gələndə o yox idi. Gedəndə də pul qoymayıb gedib”. Bu qadının düşündüyü ancaq puldur. Mən qardaşımla telefonla sonuncu dəfə ölümündən bir gün öncə danışmışam.

Lalə qardaşımın hesabına anası ilə birlikdə müxtəlif istirahət mərkəzlərində olublar. Əlimdə bunu sübut edəcək foto faktlar var. Qardaşımın qazancı sayəsində ana-bala il boyu istirahət edirdilər. Mən qardaşıma deyirdim ki, bir dəfə arvadına yox de. Onun bu tələbimə cavabı “övladlarımı gəzməyə aparır” olurdu.

– İkram müəllim, cinayətin üstü neçə açılıb?

– Elçin Lalədən qardaşını soruşur. O yerini bilmədiyini dediyi üçün Elçin Kamranı axtarmağa başlayır. Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə ərizə ilə müraciət edir. Polis Kamranı itkin düşmüş kimi qeyd edir. Lalə polisə izahat verir ki, guya Kamran şalvarının balağını qısaldıb, vəhhabi olub və Suriyaya gedəcəyini deyirmiş. Bu izahatla Lalə polisi aldatmaq, izi azdırmaq istəyib.

Elçin qardaşının yaşadığı binanın yaxınlığında yerləşən “İzmir Plaza” binasına müraciət edir. Ona görə ki, bu restoranın müşahidə kameraları bu binanın dəhlizinə tərəfdir. Restorandan razılıq alıb, videogörüntünün yaddaşını diskə köçürdür. Elçin bir gün evdə oturub bu görüntüləri izləyib. Görüntülərdən məlum olub ki, qardaşı 26 sentyabr 2015-ci ildə, saat 01.00 radələrində avtomobili ilə binanın həyətinə daxil olub, evinə gedir. Bundan bir az sonra Sədi öz maşını ilə həmin binanın qarşısına gəlir. Və saat 03.00 radələrində Sədi də Kamranın evinə gedir. Sədi əlində çanta ilə evə gedir. Yəqin edirik ki, çantada odlu silah və kəsici alətlər olub.

Bu videogörüntünü Elçin polisə təqdim edir. Bundan sonra Lalə yenidən polisə dəvət edilir. Ona görüntülər göstərildikdən sonra, Lalə etdiyi cinayət əməlini etiraf edib.

– İkram müəllim, istintaqın gedişindən narazısınız. Baş Prokurorluğa müraciət etmisiniz?

– Bəli, müraciət olunub. Məktubun çatması ilə bağlı bizə bildiriş gəlib. Baş Prokurorluqdan tələbimiz odur ki, cinayətdə əli olan dairə müəyyənləşdirilsin. Sədinin qardaşı Əli və Lalənin anası Tacirə Yusifovanın bu cinayətdə nə dərəcədə rolunun olub-olmaması müəyyən edilsin.

Qəsdən adam öldürülüb. Evdəki 20 min manat yoxdur. Cəsəd doğranıb. Burada xüsusi amansızlıq var. Bəlkə də o doğrananda ölməyibmiş. Burada köməksiz vəziyyətdə olan şəxsin öldürülməsi faktı da var. Çünki o yuxulu vəziyyətdə öldürülüb.

– Elçin bəy, Kamranın övladlarının səhhəti necədir, indi onlar hardadır, onların taleyi necə olacaq?

– Kamranın övladları 11 və 14 yaşındadır. Oğlandırlar. Uşaqlarının səhhəti yaxşıdır. Böyük oğlunda özünəqapanma halı var. Bu hal onda hadisədən öncədən var. Amma dərsini yaxşı oxuyur. Bu uşaqları mənim anam saxlayıb, böyüdüb. Ölənə qədər nəvələrini saxlayıblar. Anamgillə qardaşımgil eyni binada yaşayıblar. Amma hazırda uşaqlar Lalənin anasıgildədir.

Uşaqlar kimin qəyyumluğuna, himayədarlığına verilməlidir, bu hələ müəyyənləşməyib. Bu məsələ ilə istintaq hərəkətləri bitəndən sonra və cinayətdə əli olan şəxslərin dairəsi müəyyənləşdirilib cəzalandırılandan sonra məşğul olacağıq.

Xəbər lenti