Bakıda bağlanan yola nişan qoyulmadı, FACİƏVİ QƏZA baş verdi ölən var

595
Bakıda bağlanan yola nişan qoyulmadı, FACİƏVİ QƏZA baş verdi ölən var

Hava Limanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması prosesindəki yanlışlı ciddi problem yaradıb.

Bununla bağlı həmin yoldan istifadə edən sürücülər şikayət edib. Onların sözlərinə görə, həmin yolda hərəkətin məhdudlaşdırılması ilə bağlı nişanlar qoyulmayıb, xəbərdaredici heç bir tədbir görülməyib:

"Yola daxil olmadan bu istiqamətdə hərəkətin məhdudlaşdırıldığını bilmək olmur. Yolun bağlandığı yalnız maneəyə çatanda bəlli olur. Geri dönmək istəyəndə ikinci yola girmək lazımdır ki, bu da hərəkət istiqamətinin əksinədir. Nəzərə alsaq ki, həmin yolda sürət həddi 120 km/saatdır (sürət həddinin endirilməsindən də sürücülər xəbərsizdir - red.) və əks istiqamətdə avtomobillərin üzərinə doğru irəliləyirsən, qəza qaçılmazdır".

Bakı Nəqliyyat Agentliyi ictimaiyyətlə əlaqələr departamenti isə sürücülərin şikayətinə cavab olaraq Axar.az-a açıqlamasında günahın Azəravtoyol ASC-də olduğunu bildirdi:

"Azəravtoyol ASC məlumatı gec ötürdüyünə görə biz də gec yaymalı olmuşuq. İnsanlar yolların bağlanmasından xəbərsizdirlər. Bu işdə günahkar qurum biz deyilik".

Sürücülərdən biri isə artıq bu səhvin ölümlə nəticələnən qəzaya səbəb olduğunu vurğulayıb: "Hazırda Zığ yolunda, Heydər Əliyev adına Ali Hərbi Akademiyanın yaxınlığında VAZ və "Mersedes" avtomobilləri toqquşub. VAZ-da olan sürücünün öldüyü bildirilir. Təəssüf ki, bu problem aradan qaldırılmayıb və növbəti qəzalar da ola bilər".

Qeyd edək ki, Zığ-Hava Limanı avtomagistralında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Hava Limanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyinin az öncə yaydığı məlumatda bildirilir ki, avtomagistralın Zığ dairəsindən Hava Limanı istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilib. Bununla yanaşı, hazırda avtomagistralın Zığ dairəsindən Hava Limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilməkdədir".

NBA sürücülərdən avtomagistraldan istifadə edərkən mövcud dəyişikliyi nəzərə alıb, müəyyən olunmuş surət həddinə də əməl etmələrini xahiş edib.

Xəbər lenti