Samux sakini maraqlı vəziyyətlə qarşılaşıb. Belə ki, özü banka borclu olduğu halda pensiyasından başqasının kreditinə görə pul tutulur. Maraqlısı budur ki, krediti alan şəxsin onu ödəmək qabiliyyəti olsa da pul ancaq zamindən tutulur.
Bank, 2 əmioğlunu bir -birinə qarşı qoyub. Ədalət İskəndərov 30 aydır kreditini normal qaydada ödəsə də son iki ayda bu pulu ödəyə bilmir. Buna səbəb isə zamin durduğu qohumunun aldığı kreditə görə onun pensiyasının yarısının tutulmasıdır.
Samux rayonunun Alabaşlı qəsəbəsində yaşayan Ədalət İskəndərov 3 il əvvəl bankdan 5 min manat kredit alıb. Borcunu indiyədək problemsiz ödəsə də 2 ayda başına gələnlər krediti ödəməyə imkan vermir.
Banka müraciət zamanı onun etirazları nəzərə alınmayıb. Üstəlik borcuna gecikməyə görə cərimə də əlavə olunub. Maraqlıdır ki, ədalət İskəndərovun zamin durduğu şəxs özü maaş alır. Ancaq Ədalət İskəndərov bildirir ki, bank pulu borc sahibinin maaşından yox, ondan kəsməkdə israr edir.
Ekspert Anar Razamanlı bildirir ki, bankın krediti həm zamindən, həm də kredit alan şəxsdən tələb etməyə tam hüququ var. Ancaq əgər krediti alan şəxsin ödəmə qabiliyyəti olduğu halda vəsait yalnız zamindən tutulursa, zamin icra qurumuna yazılı şəkildə kredit alan şəxsin pulu qaytarmaq ixtiyarında olduğunu bildirməlidir. Əgər icra qurumu buna məhlə qoymasa zamin duran şəxs prokurorluğa müraciət etməklə icra qurumundan şikayət verə və öz hüququnu bərpa edə bilər.