Var-yox söyüşü üstə qətl törədən gənc danışdı

613
Var-yox söyüşü üstə qətl törədən gənc danışdı

Mynews.az teleqraf.com-a istinadən bildirir ki, Rza Rzayev 30 noyabr 2015-ci ildə, saat 21:30 radələrində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olarkən özünə məxsus "Mersedes Benz C 200" markalı avtomobili ilə Yevlax şəhəri "31-ci məhəllə" adlanan ərazidə yerləşən adsız kafenin qarşısına gəlib.

Orada sərxoş vəziyyətdə olan Sürət Əkbərov müştəri kimi Rza Rzayevə yaxınlaşıb və onu şəhərə aparmasını xahiş edib. Bu zaman Rza Rzayev ona sərxoşluğu ilə bağlı taksi xidməti göstərməkdən imtina edib.

Bu səbəbdən Sürət Əkbərov Rza Rzayevi söyüb. Buna görə də onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı orada olan Samiyəddin Mustafayev, Namiq Hacıyev və digərləri onlara yaxınlaşaraq hər ikisini sakitləşdirməyə çalışıb.

Mübahisə və qətl

Amma Rza Rzayev Sürət Əkbərovla etdiyi mübahisəyə aydınlıq gətirmək üçün onu idarə etdiyi maşına əyləşdirib və ümumi tanışları olan İbrahim Ağayevin yaşadığı binanın qarşısına aparıb.

Onun mobil telefonuna zəng edərək "qonşun Sürət içkili vəziyyətdə mənim və ailəmin ünvanına nalayiq sözlər işlədir, gəl onu başa sal, söyüş söyməsin" deyib və İbrahim Ağayevdən maşını saxladığı yerə gəlməsini xahiş edib. İbrahim Ağayev deyilən yerə gəlib və onların mübahisə etmələrinə iradını bildirib, Sürət.Əkbərovu maşından düşürməyə çalışsa da, buna nail ola bilməyib.

Buna görə də İbrahim Ağayev də maşına əyləşib və Rza Rzayev avtomobili idarə edərək Bakı-Qazax magistral yolunun 288-ci kilometrliyinin Yevlax şəhərindən keçən hissəsindəki Q.Əşrəfbəyov küçəsinə gəlib.

Orada Rza Rzayev avtomobili saxlayıb, onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etməsi ilə əlaqədar Sürət Əkbərova qəsdən xəsarət yetirməklə qisas almaq qərarına gəlib. Bu məqsədlə həmin gün saat 22:00 radələrində əvvəlcədən avtomobilinin sol ön qapısının ciblik hissəsində saxladığı bıçağı götürərək Sürət Əkbərovun əyləşdiyi avtomobilin ön oturacaq tərəfinə keçib. Orada Sürət Əkbərova bıçaqla xəsarət yetirib.

Bundan sonra, Rza Rzayev Sürət Əkbərovun yarasını sarıyıb. Sürətin təkidi ilə onu xəstəxanaya deyil, əvvəl İmran həkimin evinə aparıb. İmran həkim evdə olmadığını bildikdən sonra onu xəstəxanaya aparıblar. Lakin Sürət Əkbərov xəstəxanaya çatana kimi ölüb.

İstintaq orqanı Rza Rzayevi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edib və onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Məni şəhərə apar"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rza Rzayev bildirib ki, özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə verilmiş ittiham üzrə deyil, həmin məcəllənin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilir.

O, ifadəsində göstərib ki, faktiki olaraq özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur: "Noyabrın 30-da, saat 21:00 radələrində bu məqsədlə özümə məxsus 99 GU 563 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri 31-ci məhəllədə kafenin qabağına gəldim. Kafenin qarşısında olarkən Sürət yaxınlaşdı və avtomobilə əyləşdi. Sürət "məni şəhərə apar" deyə bildirdi. Sürətin içkili olduğunu gördüm və onu aparmayacağımı bildirdim. Həmin vaxt Sürət məni nalayiq söyüşlər söyərək təhqir etdi. Buna görə də mübahisə etdik. Kafenin yaxınlığında olan şəxslər bizi araladı".

 

"Bizi aralamağa çalışdı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Sürət onun avtomobilinə əyləşib və kənarda söhbət etməyi tələb edib: "Maşına əyləşərək bir qədər oradan uzaqlaşdıqdan sonra 31-ci məhəllədə yaşayan dostum İbrahimin nömrəsinə zəng etdim. Bir neçə dəqiqə keçmiş İbrahim bizim yanımıza gəldi. Bildirdi ki, bir-birinizi tanıyırsız, ayıbdır, mübahisə etməyin. İbrahim hər ikimizi tənbeh etdi. Sürət maşından düşmədiyi üçün İbrahim də maşına oturdu. Oradan Bakı-Qazax magistral yoluna tərəf getdik. Maşında Sürət yenə söyüşlər söydü. Maşını Kür çayının yaxınlığında saxladım, Sürət Əkbərov maşından düşdü və maşının kənarında söhbətimizi davam etdirdik. Sürət mənə və ailə üzvlərimə nalayiq söyüşlər söydü. Maşından düşərkən maşının qapısının ciblik hissəsində saxladığım bıçağı götürdüm. Sürətlə mübahisə edərkən, onu yumruqla vurdum, maşının qabaq oturacağına itələdim. Sürət maşının qabaq oturacağına tərəf arxası üstə yıxıldı. Sürət oturacaqda olarkən mənə təpik atdıqda, sol əlimdəki knopka ilə açılan bıçaqla Sürətin ayağına iki dəfə vurdum. Sürəti bıçaqla vuranda saat 22.00 radələri olub. Həmin vaxt Sürətin ayağından güclü qan axdı. Bu zaman Sürət mənə müqavimət göstərmədi. İbrahim də maşından düşərək bizi aralamağa çalışdı. Sürəti bıçaqla vurduqdan sonra özüm kənara çəkildim. Həmin vaxt Sürət özü ayağa qalxdı, bir qədər sonra Sürətin halsızlaşdığını gördük və İbrahimlə birlikdə bel kəməri ilə Sürətin yaraladığı ayağını qan itirməsin deyə bağladim. Sonra Sürəti İbrahimlə köməkləşərək maşına qoyduq".

"Məqsədim öldürmək olmayıb"

Rza Rzayev qeyd edib ki, Sürəti xəstəxanaya aparmaq istəyiblər: "Amma Sürət cəza çəkmə yerindən şərti azad olunduğunu bildirdi, polis ilə problem yaşayaçağından qorxduğu üçün onu şəxsi həkim yanına aparmağımızı istədi. Buna görə də onu İmran həkimin yanına apardıq. İmran həkimin həmin vaxt qapısını döysək də, qapını açan olmadı. Sürəti İmran həkimin evinə aparanda artıq İbrahim yanımızda olmayıb. Sürəti Yevlax şəhər Mərkəzi xəstəxanasına apardım. Həmin vaxt saat 23:00 radələri olub. Sürəti bıçaqla vurduqdan təxminən 1 saat sonra onu şəhər xəstəxanasına aparmışam. Sürət Əkbərovu bıçaqla vurmaqda məqsədim onu öldürmək olmayıb, yalnız qorxutmaq istəmişəm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Bakı-Qazax magistral yolunun üzərindəki körpüdən bıçağı Kür çayına atıb: "Sürəti öldürmək məqsədim olsaydı, onu bıçaqla vuran zaman, eləcə də onu həkimə aparan zaman, İbrahim maşından düşəndən sonra tək olan zaman da kifayət qədər imkanı olub ki, onu öldürüm. Tutduğum əməldən peşmanam".

Zərərçəkmiş şəxsin hüquqi varisi Elmira Qələndərovanın sözlərinə görə, noyabrın 30-da, saat 23:00 radələrində oğlu Sürətin ölüm xəbərini veriblər: "Sonradan bildim ki, Rza Sürətin ayaq nahiyəsindən bıçaqla vurub, sonra ölməsi üçün onu maşında gəzdirib, sonra isə xəstəxanaya aparıb".

Cəza: 11 il

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rza Rzayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi həmin məcəllənin 126.3-cü maddəsinə tövsüf edilib. Həmin maddə ilə Rza Rzayev təqsirli bilinib və 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Prokurorluğun protestində Şəki Apelyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorluğun protesti əsassız hesab edilib və şikayət təmin edilməyib, Şəki Ağır Cinayətlər
Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Xəbər lenti