Onunla evlənmək istəməyən və bir müddət ayrıldığı sevgilisini vəhşicəsində qətlə yetirən şəxs aldığı cəzadan narazı qalıb. O, 19 il azadlıqdan məhrum edilməsini ağır cəza hesab edərək yenidən məhkəməyə müraciət edib.
Musavat.com xəbər verir ki,1990-cı il təvəllüdlü Ağayev Cəfər Çingiz oğlu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz soyuq silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə təqsirli bilinərək ötən ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətə azadlıqdan məhrum edilib.
Sevgilisini öldürərkən affekt vəziyyətdə olduğunu deyir…
Cəfər Ağayev aldığı ağır cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrliyi ilə baxılıb.
Vəkili C.Ağayevin əməlinin Cinayət Məcəlləsinin 122.1-ci (Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, əxlaqsız əxlaqsız davranışı ilə əlaqədar yaranmış psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək ona yüngül cəza verilməsini istəyib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə təqsirləndirilən şəxsə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilir.
Qətlə yetirilən 1992-ci il təvəllüdlü Səbinə Salayevanın hüquqi varisi Cavanşir Salayev isə apellyasiya şikayəti verərək C.Ağayevə ömürlük cəza verilməsini istəyib.
Beşbarmaq və ov bıçağı ilə 24 zərbə
İttihama görə, Cəfər Ağayev 2015-ci ilin fevral ayından qarşılıqlı sevgi münasibətlərində olduğu Səbinə Salayevanı qətlə yetirib. Buna səbəb S.Salayevanın ondan ayrılması olub. Belə ki, S.Salayeva C.Ağayevin kobud davranışlarından sonra ondan ayrılıb. Ancaq C.Ağayev onunla ailə qurmasından, görüşməsindən imtina etdiyi üçün S.Salayevanı qətlə yetirmək qərarına gəlib.
C.Ağayev bu məqsədlə 2016-cı ilin noyabrında ov bıçağı və beşbarmaq götürərərk Səbinə Salayevanın yaşadığı Corat qəsəbəsindəki evinə gedib. Və onu xüsusi amansızlıq qətlə yetirib. 7-8 dəqiqə ərzində bıçaqla S.Salayevaya 24 dəfə zərbə endirib.
[email protected] (28 KB)
C.Ağayev sonra polisə könüllü olaraq təslim olduğunu, başqa bir şəxsdən də təcili yardım çağırmasını xahiş etdiyini deyib.
Məhkumun müdafiəçisi apellyasiya şikayətini əsaslandırarkən deyib ki, birinci instansiya məhkəməsi C.Ağayevin könüllü olaraq polisə təslim olmasını, təcili tibbi yardım çağırması üçün başqasına məlumat verməsini və müdafiə etdiyi şəxsin cavanlığını nəzərə almayıb.
Məhkəmədə bildirilib ki, C.Ağayevin ifadəsindən məlum olub ki, o, hadisəni törətdikdən sonra yola çıxıb, taksiyə oturaraq onu təcili tibbi yardıma çatdırmasını istəyib. Yəni, C.Ağayev zərərcəkmiş şəxsə deyil, özünə tibbi yardım göstərilməsi üçün təcili tibbi yardıma müraciət edib. Həmçinin C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə kollegiyası C.Ağayevin vəkilinin apellyasiya şikayətini əsaslandırarkən sadaladığı dəlilləri əsassız hesab edərək qeyd edib ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı təqsirləndirilən şəxsin cinayəti etiraf edib əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almamaqda haqlı olub. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilib ki, C.Ağayevin peşman olması, könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi və ya vurulmuş zərərin başqa yolla aradan qaldırılması kimi hərəkətləri olmayıb. Belə olan təqdirdə birinci instansiya məhkəməsinin C.Ağayevə cəza təyin edərkən əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almamaqda haqlı olub.
Apellyasiya məhkəməsində elan edilib ki, istintaq zamanı Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə görə C.Ağayevdə hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.
Mərhumun ailəsi ömürlük cəza istəyir…
İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının rəyinə görə C.Ağayevin fərdi-psixi xüsusiyyətlərində davakarlıq kobudluq, laqeydlik, müstəqillik, hər-hansı qıcığa qarşı kəskin reaksiya vermək kimi əlamətlər muşahidə olunub.
Qeyd edək ki, C.Ağayevin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cianyətlər Məhkəməsində baxılarkən ilk prosesdə gərginlik yaşanmışdı. C.Ağayev media nümayəndələrinin və əlavə şəxslərin məhkəmədə iştirak etməsinə etiraz edirdi. O, əks halda özünə xəsarət yetirəcəyini bildirirdi. Bu səbəbdən də onun cinayət işi üzrə məhkəmə prosesi qapalı baş tutmuşdu.
Məhkəmə kollegiyası qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun cəza təyin edilməklə işin faktiki hallarına uyğun nəticəyə gəlinib.
Zərərçəkmiş tərəfin C.Ağayevin ömürlük azadlıqdan məhrum edilməsi ilə bağlı vəsatəti də təmin edilməyib.
C.Ağayev barəsində 19 illik azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.