General Hilal Əsədov ifadə verib FOTO + VİDEO

622
General Hilal Əsədov ifadə verib FOTO + VİDEO

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovuncinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədriHəbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə sabiq MTN nazirinin müavini general-leytenant Hilal Əsədov ifadə verib.

O, 8-ci km. bazarı epizodu üzrə dindirilib. H.Əsədov istintaqa verdiyi ifadəsini təsdiq edib. Hazırda proses davam etdirilir.

İttiham aktına əsasən, H.Əsədov istintaqa verdiyi ifadəsində 2004-cü ildə MTN-də işə başladığını, bundan təqribən 3 ay sonra nazirliyin Antiterror Mərkəzinə rəis təyin edildiyini bildirib. 2005-ci ildən sonra Eldar Mahmudov Hilal Əsədovu özünə müavin təyin edib. H.Əsədov dindirilərkən göstərib ki, birbaşa nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib. İttiham aktında qeyd edilib ki, sabiq nazir müavini əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə də ifadə verib. O, ifadəsində cinayət işində bu iş üzrə zərərçəkmiş kimi tanınan əslən Cəlilabad rayonundan olan Salman, Cəfər, Səfər və Qəhrəman Səfərov qardaşlarının heç birini tanımadığını, onları görmədiyini deyib: “Onların sabiq iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevin yaxın adamları olduğunu bilirdim. 2005-ci il idi. Akif Çovdarov yanıma gəldi. Dedi ki, Çingiz Əsədov adlı şəxs Səfərov qardaşlarından şikayət edir. Çingiz Əsədov bildirib ki, Səfərov qardaşları 2002-ci ildə zorla Naxçıvanski küçəsi 50-də yerləşən meyvə-tərəvəz bazarını onun əlindən alıblar. Ona hədə-qorxu gəliblər, qardaşını oğurlayıblar. Həmin zaman Səfərov qardaşlarının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim. Həmin vaxt Fərhad Əliyev yenicə həbs edilmişdi, barəsində cinayət işi istintaq olunurdu”

H.Əsədov ifadəsində deyib ki, Səfərov qardaşları əməllərini səmimi şəkildə A.Çovdarova etiraf ediblər. O bildirib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə A.Çovdarovun qızı Aida Qasımovanın adınadır.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs-qətimkan tədbiri seçib. Sonradan həbs-qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox  zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

 

Xəbər lenti