Ombudsman Aparatı Şəki Qarışıq tipli Uşaq evində yaşayan Hüseynova Aysel Vasif qızının döyülərək işgəncə verilməsinə dair “Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış xəbərlə bağlı məlumat yayıb.
Mynews.az Qafqazinfo.az-a istinadən daxil olan məlumatda bildirir ki, Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Şəki Regional Mərkəzinin əməkdaşları 7 iyun 2017-ci il tarixdə Şəki Qarışıq tipli Uşaq evində araşdırma aparıblar.
Həmin müəssisənin müdiri Məmmədova İlhamə Tofiq qızı bildirib ki, 24.04.1998-ci il təvəllüdlü Aysel Hüseynova 2007-ci ildən Şəki Qarışıq tipli Uşaq evində tərbiyə olunur və hazırda Peşə məktəbində təhsil alır. Bu müəssisəyə nənəsi tərəfindən gətirilib. Ayselin atası vəfat etmiş, anası isə Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2013-cü ildə valideynlik hüququndan məhrum edilib.
Eyni zamanda İ.Məmmədova qeyd edib ki, A.Hüseynovanın Uşaq evinin müəlliməsi Mirvari Əsgərova tərəfindən döyülərək işgəncə verilməsi barədə “Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış məlumatla 03.06.2017-ci il tarixdə tanış olub.
Şəki Qarışıq tipli Uşaq evinin müəlliməsi Mirvari Əsgərova 1987-ci ildən burada tərbiyəçi müəllimə işlədiyini, onun tərəfindən A.Hüseynovaya qarşı heç vaxt hər hansı təzyiq və işgəncəyə yol verilmədiyini bildirib.
Araşdırma zamanı Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən A.Hüseynova ilə konfidensial şəraitdə görüş keçirilib. Görüş zamanı o, heç bir müəllimi tərəfindən işgəncəyə məruz qalmadığını, uşaq evinin müdiri və müəllimələri tərəfindən ona hər zaman qayğı ilə yanaşıldığını qeyd edib.
Həmçinin A.Hüseynova bildirib ki, 2016-cı ilin yay aylarında özünü Sahib Teymurov olaraq təqdim etmiş şəxs uşaq evinə gələrək onunla və digər uşaqlarla görüşüb, özünün də vaxtı ilə uşaq evində yaşadığını və uşaqlara köməklik etmək istədiyini söyləyib.
A.Hüseynova sonra bildirib ki, S.Teymurov başqa uşaqlardan kənarda onunla görüşərək dediklərini təkrarlayacağı halda ona 20 (iyirmi) manat pul verəcəyini və aralarında olan söhbəti heç kimə deməyəcəyini vəd etmiş, bundan sonra S.Teymurovun dediklərini təkraralayaraq müəlliməsi M.Əsgərova tərəfindən döyülərək işgəncəyə məruz qaldığını və özünü öldürmək istədiyini demiş, S.Teymurov bu zaman onun dediklərini video kameraya çəkmiş və ona 20 (iyirmi) manat pul verib.
Araşdırma zamanı uşaq evində tərbiyə olunan digər şəxslərlə də konfidensial şəraitdə keçirilmiş görüş zamanı onlar Uşaq evinin müdiri və müəllimləri tərəfindən heç vaxt hər hansı təzyiq və işgəncəyə məruz qalmadıqlarını bildiriblər.
Araşdırmanın nəticələri ilə bağlı Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən müvafiq aktlar tərtib ediib. Həmin aktlar A.Hüseynova və görüş keçirilmiş digər şəxslər tərəfindən imzalanıb.
Müəssisənin müdiri İ.Məmmədova uşaq evində tərbiyə olunan uşaqlara qarşı heç zaman işgəncəyə yol verilmədiyini, baş vermiş hadisə ilə əlaqədar 07.06.2017-ci il tarixdə Şəki Şəhər Rayon Polis Şöbəsinə rəsmi müraciət etdiyini söyləyib.
Şəki Şəhər Rayon Polis Şöbəsi İ.Məmmədovanın bu məsələ ilə bağlı ərizə ilə müraciət etdiyini təsdiqləyərək, müvafiq araşdırma aparıldığını bildirib.
Qeyd edək ki, sözügedən Sahib Teymurov “Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəridir.
Onun çəkdiyi kadrları bir daha təqdim edirik: