Zarafatın sonu qanla bitdi MƏHKƏMƏ PROSESİ

614
Zarafatın sonu qanla bitdi MƏHKƏMƏ PROSESİ

Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirməkdə təqsirləndirilən 22 yaşlı İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə başlayıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, İ.Sadıqov sevdiyi qızın xalası oğlunu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub. Belə ki, İbrahim Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İbrahim Sadıqov Günel Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona G.Əsgərovanın xalası oğlu İslam Hüseynov cavab verib. İbrahim Sadıqov Günellə danışmaq istəsə də xalası oğlu buna icazə verməyib. Bu zaman İbrahim Sadıqov daha əvvəl tanıdığı İslam Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. İ.Sadıqovun bu zarafatı İslam Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman telefonda mübahisə etməyə başlayıblar. Daha sonra tərəflər bu mübahisəni "həll etmək" üçün görüşüblər. Bakıda Nərimanov rayonu ərazisindəki görüş yerinə İbrahim Sadıqov tək İslam Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İslam Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında onlar yenə də mübahisə ediblər və İbrahim Sadıqov üzərində gətirdiyi bıçaqla İslam Hüseynova çoxsaylı zərbələr endirib.

33 yaşlı İslam Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İ.Sadıqov məhkəmədə törətdiyi cinayətə görə özünü təqsirli bilib. Məhkəmədə İbrahim Sadıqovun vəkilləri cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyiblər. Növbəti məhkəmə prosesi iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin fevralın 15-də baş verib. İbrahim Sadıqov Cinayət Məcəlləsinin 120.2.2 (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə təqsirli bilinir.

Xəbər lenti