Abşeron Rayon Polis İdarəsinə yaşayış evlərindən kombi aparatlarının oğurlanması barədə şikayətlər daxil olub.
ARB TV xəbər verir ki, polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Nəticədə oğurluqları törətməkdə şübhəli bilinən Balakən rayonundan olan 38 yaşlı Hacı Mutayev və Lənkəranda anadan olmuş 34 yaşlı Rauf Quliyev yaxalanaraq istintaqa təhvil verilib. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Hacı Mutayev - Saxlanılan şəxs: "Masazır ərazisində 2 yerdən kombi oğurlamışıq. Ehtiyac var idi".
Polis əməkdaşları dostların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da müəyyən edib.
Rauf Quliyev - Saxlanılan şəxs: "Satıb pulun yarısını xərcləyib, yarısına da narkotik aldıq".
Faktlarla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.