Bakıda narkotik vasitələr hazırlayan şəxslər tutulub FOTO

534
Bakıda narkotik vasitələr hazırlayan şəxslər tutulub FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sintetik tərkibli narkotik vasitələrin hazırlanması və dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində paytaxt sakini Rəsul Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 13,042 qram sintetik tərkibli narkotik vasitə hesab olunan kannabinoidlər sinfinə aid güclü psixotrop təsirə malik olan “JWH” adlı narkotik vasitə aşkar olunaraq götürülüb.

Əməliyyat-axtarış tədbirinin davamı olaraq R.Hacıyevlə birlikdə həmin narkotik tərkibli maddələri hazırlayan Bakı şəhər sakini Cabbar Yəhyayev də saxlanılaraq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxslərin Yasamal rayonunda birgə kirayə yaşadıqları,  sintetik tərkibli narkotik vasitələri hazırlamaq üçün laboratoriya kimi istifadə etdikləri mənzilə baxış zamanı oradan əlavə olaraq 510 qram qurudulmuş marixuana, 1 kiloqram 421,431 qram “JWH” adlı sintetik narkotik maddə, habelə həmin narkotik vasitələri istehsal etmək üçün istifadə edilən 11 ədəd plastik qabda kimyəvi maye və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslər məqsədli şəkildə kimyəvi tərkibli narkotik vasitələrin, əsasən, gənclər arasında təbliğini və satışını təşkil etmək niyyətində olublar. Müştəri tapmaq üçün R.Hacıyev və C.Yəhyayev özlərini Türkiyə vətəndaşları kimi təqdim edərək qeyd edilən sintetik tərkibli narkotik vasitələri guya xarici ölkələrdən gətirdiklərini bildiriblər. Amma polis əməkdaşlarının ayıq-sayıqlığı və operativ şəkildə həyata keçirilən əməliyyat nəticəsində R.Hacıyev və C.Yəhyayevin bu çirkin niyyətlərinin qarşısı vaxtında alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

 

Xəbər lenti