Qətl hadisəsi törətməkdə təqsirli bilinən Şəmkir rayonunun Hacıalılar kənd sakini, 1979-cu il təvəllüdlü Vidadi Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Vidadi Həsənov Rusiya Federasiyasının vətəndaşı Kostisina Natalya Aleksandrovna ilə tanış olub. O, Natalyanın evində kirayə yaşamaq üçün 20 aprel 2009-cu il tarixli kirayə müqaviləsi bağlayıb.
Rus qızının təhqir olunması
Həmin müqaviləyə əsasən 23 iyun 2009-cu il tarixdə qardaşı Habil Həsənov və əmisi oğlu Şirxan Həsənov Natalya Kostisinaya məxsus olan Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri, Votkinskoye küçəsi 128 nömrəli binanın, 14 saylı mənzilində kirayə qalıblar.
Vidadi Həsənov kirayə qaldığı evdə olarkən, bir gün əvvəl onlara qonaq gələn qohumlarının həmin binada yaşayan qonşuları Vaydaloviç Yana Antonovna ilə arasında mübahisə baş verib
Təhqirə görə mübahisə
Bu mübahisə ilə əlaqədar Yana Vaydaloviçin tanışları Qaluşkin Mixail Viktorovic, Sutıqin Viktor Andreyevic və Makarşin İvan Serqeyevic toplaşaraq həmin gün saat 23 radələrində Vidadi Həsənov və onunla birlikdə yaşayan qohumlarına iradlarını bildirmək məqsədilə kirayədə yaşadıqları binanın ikinci mərtəbəsində yerləşən otağa daxil olublar.
Tanışları orada Yana Vaydaloviçin təhqir olunması ilə bağlı məsələni aydınlaşdırarkən qarşılıqlı mübahisə ediblər. Onların mübahisəsi dalaşma ilə nəticələnib.
Qətl
Həmin dalaşma zamanı Vidadi Həsənov İvan Makarşinin müqavimətini dəf edərək əvvəlcə sonuncunun baş, bədən və ətraf nahiyyələrindən əlləri ilə bir neçə dəfə zərbə vurub. Bununla da o, İvana xəsarətlər yetirib.
Daha sonra Vidadi Həsənov masanın üzərində olan mətbəx bıçağını götürərək İvan Makarşini öldürmək məqsədilə ona yaxınlaşıb. O, İvanın ürək nahiyəsindən bir dəfə güclü zərbə vurub.
Cinayəti törədən Vidadi Həsənov daha sonra hadisə yerindən qaçıb. İvan Makarşin isə kəskin qan itirmədən oradaca ölüb.
Bundan başqa, Vidadi Həsənov 14 may 2008-ci il tarixdə keçmiş arvadı Borisova Oksana ilə münasibətlərini pozulub. O, həmin gün saat 18:00 radələrində Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri, Əmək küçəsi 54 saylı evin yanında Oksana ilə mübahisə edib.
Meşədə cinayət
Daha sonra Oksananı zorla idarə etdiyi "VAZ-2106" markalı M988OK/18 dövlət qeydiyyat nişanlı avtomobilə otuzdurub və İjevsk şəhəri Slavyanskoye şossesinin 4-cü kilometrliyində yerləşən meşə sahəsinə aparıb.
Orada üstündə gəzdirdiyi bıçaqla Oksana Borisovanı hədələyib. O, bıçağı Oksanaya tərəf istiqamətləndirib və onu öldürəcəyini deyib.
Vidadi Həsənov Oksana Borisovanın onu buraxması barədə xahişinə məhəl qoymayıb. O, qadını öldürməklə hədələməkdə davam edib və bıçağı ona tərəf atıb.
Vidadi Həsənovun atdığı bıçaq Oksana Borisovanın yanına düşüb. Bu zaman o, bıçağı keçmiş arvadının götürməsini və həmin bıçaqla özünə qəbir qazmağı tələb edib.
Oksana Borisova meşə sahəsində qeyd olunan şəraitdə Vidadi Həsənovun onu öldürməklə hədələrini real qəbul edib, öz həyatı və sağlamlığı üçün möhkəm qorxub. Çünki onun həmin hədələri həyata keçirmək üçün real imkanı olub.
Arvadını yandırmaq istədi
Amma Vidadi Həsənov meşədə arvadını öldürmək barədə niyyəti baş tutmayıb. Növbəti dəfə Vidadi Həsənov 3 yanvar 2009-cu il tarixdə saat 16 radələrində Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri, Fruktovaya küçəsi 33 nömrəli evin yanında Oksana Borisovanı yenidən öldürməklə hədələyib.
O, əvvəlcədən hazırladığı içərisində tezalışan maye-benzin olan banka ilə Oksana Borisovaya yaxınlaşıb və onu öldürməklə hədələmək niyyətini həyata keçirib. Vidadi Həsənov benzini Oksanın üzərinə töküb, sonra yandırdığı alışqanı üstünə atmaqla onu öldürməklə hədələyıb.
Baş tutmayan cinayət və həbsli axtarış
Rusiyada iki ağır cinayəti törədən Vidadi Həsənov Azərbaycana qaçıb. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Vidadi Həsənovun barəsində axtarış elan ediblər. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilib.
11 il 11 ay 28 gün
2015-ci ilin sentyabrın 13-də Şəmkir rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada axtarışda olan Vidadi Həsənov tutulub.
Həbs olunan Vidadi Həsənova Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham edilib.
Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası Vidadi Həsənovun 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.
publika.az