Bu gecə Səbaildə ər-arvadın qaz partlayışı zamanı xəsarət alması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Mynews.az xəbər verir ki, "Azəriqaz" QSC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev lent.az-a açıqlamasında bildirib ki, hadisə blokda deyil, mənzilin dəhlizində olub.
İ. Kərbəlayevin sözlərinə görə, dəhlizdən keçən qaz borusunda sızma olub və evin sakinləri də ehtiyatsız davranıblar: "Dəhlizdən qaz iyi gəldiyini hiss edib, nə olduğunu aydınlaşdırmaq istəyiblər. Alışqandan istifadə ediblər. Bu zaman partlayış yox, sadəcə yanğın qeydə alınıb. Həmin an evin qapısı da açıq olub. Hadisə zamanı evə elə də ciddi ziyan dəyməyib. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".
Qurum rəsmisi deyib ki, əhali arasında geniş miqyaslı maarifləndirmə işləri aparılmasına baxmayaraq belə xoşagəlməz hallar çox olur: "Əhaliyə bildirəm istəyirəm ki, təbii qazdan istifadə zamanı texniki tələblərə və təhlükəsizlik qaydalarına ciddi əməl etmək, ehtiyatlı davranmaq lazımdır. Əks halda hər hansı bir ehtiyatsızlıq bədbəxt sonluqla nəticələnə bilər. Qazdan istifadə anlayışı olmayanların və azyaşlıların təbii qazdan istifadəsinə icazə vermək olmaz. Evdə qazın və ya qaz borusunun yerini dəyişdirərkən mütəxəssis köməyinə müraciət etmək lazımdır. Qaz borusunun yerini özbaşına dəyişmək olmaz. Qaz boruları əlçatan və gözlə görünən yerlərdə olmalıdır ki, zamanında texniki qulluq göstərilsin".
10:58
Dünən gecə Bakıda iki nəfərin açır yanıq xəsarətləri alması ilə nəticələnən partlayışın təfərrüatları məlum oldu.
Fövqəladə Hallar Nazirliyindən Mynews.az-a verilən məlumata görə, hadisə Neftçi Qurban küçəsində yerləşən dördmərtəbəli mənzilin 4-cü mərtəbəsində baş verib.
Ev sahibləri Çıraqzadə Asif Knyaz oğlu ilə həyat yoldaşı Çıraqzadə Pərvanə Müzəffər qızı mənzilin çıxışında yerləşən qaz sayğacına böyük ehtimalla müdaxilə etmək istəyərkən ani alışma, yəni patlayış olub. Bu partlayış yanğına çevrilməyib.
Lakin hər ikisi baş və üz nahiyyəsinin, eləcə də, bədəninin yuxarı hissəsinin yanığı xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə aparılıblar. Xəsarətləri ağır olduğundan hər iki şəxs reanimasiyaya yerləşdirilib.
Hazırda “Azəriqaz” İstehsalat Birliyi qaz sayğacında partlayışın baş vermə səbəbini araşdırır.
09:47
Bu gecə Bakıda iki nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, gecə yarısı 1968-ci il təvəllüdlüÇıraqzadə Asif Knyaz oğlu ilə həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Çıraqzadə Pərvanə Müzəffər qızı baş və üz nahiyyəsinin, eləcə də, bədəninin yuxarı hissəsinin yanığı xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə daxil olub. Xəsarətləri ağır olduğundan hər iki şəxs reanimasiyaya yerləşdirilib.
Məlum olub ki, Asif Çıraqzadə və həyat yoldaşı Neftçi Qurban küçəsindəki mənzillərində olarkən binanın blokuna qaz sızıb. Bu səbəbdən blokda güclü partlayış olub və onlar yanıq xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.