Azərbaycanda ərdə olmuş, yaxud olan qadın cinsinin nümayəndələrinə "qadın" deyə müraciət edirlər. Hətta onların yaşı daha dürüst məntiqlə "qız" adlandırıla biləcək 17-20 arası olsa belə. Bu gün sizə əməkdaşımızın təqdim etdiyi reportaj məhz bu cür azərbaycanlı qız, yaxud "qəbul olunmuş" tərzdə desək, "qadın" haqqındadır...
Çətinliklə "mənə kömək edin" deyir. Ağlayıb sakitləşəndən sonra başına gələnləri danışmasını gözləyirik. Məlum olur ki, əri tərəfindən döyüləndən sonra ağır stress keçirib, danışmaqda çətinlik çəkir, kəkələyir.
1997-ci il təvəllüdlü Gülşən Məmmədova (araşdırma getdiyindən adı dəyişdirilib) 10 gün əvvəl azyaşlı oğlu ilə birgə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yerləşdirilib. Hazırda psixoloji müalicə alır.
Mynews.az virtualaz.org-a istinadən bildirir ki, Gülşən sığınacaq əməkdaşının köməyi ilə başına gələnləridanışıb.
- Həyat yoldaşımla tanış olanda 17 yaşım vardı. Valideynlərim yaşımın az olduğu üçün onunla ailə qurmağıma razı olmurdu. Mən də qoşulub qaçdım. Amma onun ailəsi də razı deyilmiş. Anası deyirdi ki, oğlumu yaxşı tanıyıram, o, ailə saxlayan deyil. Qohumlarının məsləhəti ilə toy etdilər, lakin cəmi iki ay birlikdə yaşadıq.
- İki aydan sonra ayrıldınız?
-Yox, yəni demək istəyirəm ki, birlikdə cəmi iki ay sakit yaşadıq. Sonra ailəmin bizimlə barışmadığını, dolanmaq üçün pul vermədiyini bəhanə edib məni döydü. Çay soyuqdur, yemək tez bişmədi, qaşqabaqlı danışdın, tez cavab vermədin, yəni döymək üçün həmişə bir bəhanəsi olurdu. Tezdən yuxudan duran kimi araq içirdi, valideynləri irad bildirən kimi evdən küsüb gedirdi. Hamiləliyimin 4-cü ayında başqa biri ilə tanış olduğunu, məndən boşanıb onunla evlənəcəyini dedi. Təzə tanış olduğu qız varlı imiş. Ailəm də məni qəbul etmirdi, buna görə onun bütün əziyyətlərinə dözürdüm. Hamiləlikdə o qədər döyülmüşdüm ki, uşaq xəstə doğuldu.
- Uşağın xəstəliyi nədir?
- Uşaq raxitdir, başı əsir, otura bilmir. Həkim deyir ki, hamiləlikdə düzgün qidalanmamısan. Amma deyə bilmirəm ki, nə doğru-düzgün yemək yeyirdim, nə də havaya çıxmırdım. Hələ üstəlik qarnımı təpikləyirdi, saçımdan tutub yerlə sürüyürdü. Bəzən ərim içib gələndə gizlənməyə yer axtarırdım ki, məni görüb əsəbləşməsin. Uşaq anadan olanda həkimə aparmaq istəmirdi, məcbur qalıb apardılar. Anası deyirdi ki, oğlunun xasiyyətini bildiyi üçün heç kimlə evlənməsinə razı olmayıb.
- Bəs ailənə vəziyyətini niyə demirdin? Bəlkə sənə yardım edərdilər.
- Ailəm məni günahkar bilir, qəbul etmirdi. Onsuz da yarıac-yarıtox böyümüşdüm. Fikirləşirdim ki, ailə qursam öz evim olacaq, normal həyat sürəcəyəm. Bilmirdim ki, kasıblıqdan qaçıb bədbəxt olacağam.
- Sığınacağa necə gəldin?
- Məni döydü, həm ağrıdan, həm də qorxudan dilim batdı. Sonra danışmaqda çətinlik çəkdim, məni həkimə də aparmadılar. Bu dəfə də danışmağımı bəhanə etdilər. Sonuncu dəfə döyəndən sonra küçəyə atdı, boşanmaq üçün məcburən ərizəyə qol çəkdirdi. Küçədə qaldım, parkda oturub ağlayırdım. Bir nəfər yaxınlaşdı, uşağa və mənə yazığı gəldi, onun köməyi ilə sığınacağa gəldim. İndi burada psixoloji yardım alıram, amma hələ də yaxşı danışa bilmirəm.
- Yaxınların, həyat yoldaşın sığınacaqda olduğunu bilirmi?
- Yox, hamıdan gizlənirəm. Çünki yaxşı danışmadığımı əsas gətirərək uşağı əlimdən almaq istəyirlər. Halbuki, danışmağım və uşağın xəstə doğulması onun üzündəndir. Uşağın müalicəyə ehtiyacı var, o, müalicə olunandan sonra mən də müalicə ala bilərəm. Buna görə də, övladıma yardım edilməsini xahiş edirəm...