Son zamanlar qonşu Rusiya və Türkiyədə baş verən zəlzələlər, o cümlədən də Azərbaycanda bir sıra bölgələrdə ilanların aktivliyinin müşahidə edilməsi ölkəmizdə də analoji hadisələrin baş verə biləcəyi ilə bağlı ehtimallar yaradır. Əlbəttə, cəmiyyətdə yayılan inanclara görə, ilanların aktivliyi müşahidə edilərsə, zəlzələ baş verə bilər. Bu inanclar nə dərəcədə həqiqəti əks etdirir? Ümumiyyətlə, qonşu ölkələrdə davam edən zəlzələ dalğası Azərbaycana da gələ bilərmi? Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnistitutunun aparıcı elmi işçisi, biologiya elmləri namizədi, herpetoloq (İlanları öyrənən alim) Təvəkkül İsgəndərov və AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə mövzunu müzakirə etdik. T.İsgəndərovun sözlərinə görə, ilanların aktivliyinin zəlzələdən xəbər verməsi haqda yayılan məlumatlar yanlışdır. İlanlar zəlzələni bir neçə saat, yaxud da bir neçə gün öncədən hissetmə qabiliyyətinə malik deyillər. Onlar sadəcə olaraq müəyyən titrəyiş olduqda reaksiya verə bilirlər: "İlanların zəlzələni öncədən hissetmə qabiliyyəti yoxdur. İlanın qulaq seyvanı yoxdur, bu səbəbdən onlarda güclü eşitmə qabiliyyəti yoxdur. Onlar səsi yox, yalnız titrəyişləri hiss edirlər. Titrəyiş hiss edərkən onlar hərəkətə gəlirlər. Yalnız müəyyən təkan baş verdikdə onlar öz reaksiyalarını göstərirlər. Zəlzələ vaxtı titrəyişlər olduqda yerin müxtəlif qatlarında gizlənən sürünənlər, o cümlədən də ilanlar aşkara çıxırlar”. Ağcabədi rayonunda ötən gün ilanların aktivliyinin müşahidə edilməsinə münasibət bildirən ekspert bildirib ki, burda tamamilə başqa amillər faktor olub: "İlanları gizləndiyi yerdən çıxmağa vadar edən səbəblər onları narahat edən faktorlardır. Bu faktorlardan biri onlara xoş olmayan kəskin qoxudur. Bu zaman ilan gizləndiyi yeri tərk edir. İlanlar soyuqqanlı heyvanlardır. İsti aylarda fəal, soyuq aylarda isə passivlik nümayiş etdirirlər. Bəzən qış aylarında ilanlar şərti olaraq qış yuxusuna gedirlər. Fəslin müəyyən vaxtlarında xarakterik olmayan isti havalarda ilanların aktivliyi müşahidə edilə bilər. Bu hər hansı pis hadisənin baş verməsindən xəbər vermir. Havanın temperaturunun yüksəlməsi, torpağın hərarətinin artması ilanların aktivliyinə səbəb olur. 12,14 dərəcə hava temperaturu ilanları aktivləşdirə bilər. Lakin əhali ilanların aktivliyini müşahidə etdikdə bunu seysmoloji aktivliklə, zəlzələlərin baş verə biləcəyi ilə əlaqələndirir”. Ekspertin sözlərinə görə, torpağın dərin qatlarında olan ilanlardan fərqli olaraq üst hissədə olan bu sürünənlər hava şəraitini daha tez hiss edərək üzə çıxırlar: "Hətta fevralın qarlı havasında gün çıxdıqdan sonra ilanların bir sıra ərazilərdə aktivliyini müşahidə etmişəm”. Q.Yetirmişlinin sözlərinə görə, sərhəd ölkələrdə baş verən zəlzələlər daha yaxın ərazilərdə hiss olunub: "Qonşu ölkələrdə baş verən zəlzələlər Azərbaycanda o zaman güclü hiss oluna bilər ki, müvafiq ərazidə ona hazırlıq mərhələsi getsin. Yəni, qonşu ölkədə baş verən zəlzələ artıq hazırlıq gedən zəlzələ ocağındakı prosesi tezləşdirə bilər”. Q.Yetirmişlinin sözlərinə görə, qonşu ölkələrdə baş verən bu zəlzələlər Azərbaycanda hiss olunmur. AMEA rəsmisi ilanların aktivliyinin seysmoloji aktivliyə təsirindən də danışıb: "O qədər olub ki, müəyyən ərazidə ilanalrın aktivliyi müşahidə edilib, lakin heç bir zəlzələ baş verməyib”. (xeberoxu.az)