Dünən səhər saatlarında Masallı rayonunun Sərçuvar kəndində dəhşətli qəza nəticəsində həyatını itirən ana və iki oğlu barəsində bəzi məqamlar aydınlaşıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Xıl kəndinin sakini olan Reyhan Abbasova övladları ilə birgə xırda ticarətlə məşğul olurmuş.
Belə ki, R.Abbasovanın 29 yaşlı oğlu Elmin Bayramov təxminən 1 ay əvvəl ətraf kəndlərdə yetişən meyvələri Lənkəran bazarına aparıb satmaq üçün "VAZ” markalı avtomobil alıb. Əvvəllər başqalarının maşını ilə bazara meyvə-tərəvəz daşıyan ana və övladları öz avtomobilləri ilə bu işi davam etdirməyə başlayıblar. Məlum hadisə də onlar kənddən aldıqları meyvələri Lənkəran bazarına apararkən baş verib.
Bildirilir ki, R.Abbasovanın həyat yoldaşı bir neçə il əvvəl vəfat edib və o, 7 övladını təkbaşına böyüdüb. Yalnız qadının qardaşı uşaqlardan birini öz himayəsinə götürərək saxlayıb.
Ana və iki oğlu dünən Xıl kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Elmin Bayramovun sürdüyü avtomobilin "Shacman” markalı yük maşınına çırpılması nəticəsində özü, anası və 26 yaşlı qardaşı Mahir vəfat edib.