Azərbaycanda vəhhabilər arasında qarşıdurma ŞOK - VİDEO

636
Azərbaycanda vəhhabilər arasında qarşıdurma ŞOK - VİDEO

Məsciddə insident yaşandı

Ramazan bayramı günü vəhhabilərin namaz qıldığı Xaçmaz rayonunun Köhnə Xudat kənd məscidində baş vermiş hadisə hələ də müzakirə olunmaqdadır. Əvvəlcə onu qeyd edək ki, burada təxminən 200-ə yaxın dindar namaz qılır. Onlar iki qrupa bölünüblər. Musa Seyidov və Nadir Xosrovoğlu bu qruplara rəhbərlik edirlər. Tərəflərdən biri digərini xəvariclikdə və təkfirçilikdə ittiham edir. Təxminən üç ay əvvəl məscidin imamına Əlimət adlı yeni bir köməkçi də təyin olunub. Buna baxmayaraq, dindarlar arasında mübahisələr səngimir. Hadisə isə orucluğun sonuncu iftarının açılması üstündə baş verib. İddialara görə, Nadir Xosrovoğlunun rəhbərlik etdiyi qrup Ramazanın sonuncu iftarını iyunun 24-də açıb. Digər tərəf isə, bu qaydaya Qafqaz Müsəlmanları Ruhani İdarəsinin təqvimi əsasında riyaət edib. Hər iki qrup bayram namazını eyni vaxtda qılsalar da, bu məsələnin üstündə söz-söhbət yaranıb.

İnsidentlə bağlı suallarımızı cavablandıran Tahir İsayev bildirdi ki, ona qarşı zor tətbiq olunub. “Belə ki, həmin gün məscidin içində bir az dava-dalaş oldu, sonra çıxdıq bayıra. Musanı fitnəkar adlandırdılar. Mən də Abdullaya dedim ki, gedin Nadirin arxasınca, biz orucu dövlətin dediyi qaydada açırıq. Dini qurumlardan orucun açılması və bayram namazının nə vaxt qılınması barədə təqvim göndərilib. Onlar həmin sənədləri cıraraq bir qırağa atdılar. Dedilər ki, bizim öz təqvimimiz var. Saqqalımdan yapışıb məni vurdular. Bildirdilər ki, heç kimdən qorxmuruq, hara istəyirsiniz şikayət edin”.

T. İsayev onu da vurğuladı ki, vaxtilə N. Xosrovoğlu özü deyirdi ki, kim dini ayinlərin icrasında dövlətin qayda-qanununa tabe olmursa gələcəyin təkfirçisi və xəvaricdir.

İnsidentdə adı Nadir Xosrovoğlunun tərəfdarı kimi hallanan Köhnə Xudat kənd sakini Səyavuş İbrahimovun da mövqeyini öyrəndik. O, deyilənləri tamamilə təkzib etdi: “Məscidin içində qarşıdurmanı Tahir saldı. Sonradan mən onları sakitləşdirmək və ayırmaq istədim. Bura mənim öz kəndimdir. İstəmərəm ki, hər hansı bir qarşıdurma baş versin”.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsinə gəldikdə isə, Tahir İsayev bildirdi ki, baş verənlər barədə DTX-nın Xudat şəhər bölməsi məlumatlandırılıb. Lakin yerli polisə şikayət edilməyib.

Azərbaycan DTX-sı və DİN-i ölkəmizdə terrorçuluğa və dini ekstrimizmə qarşı qətiyyətlə mübarizə aparırlar. Son vaxtlar bir neçə terrorçunun zərərsizləşdirilməsi buna bariz nümunədir. Yerlərdə ardıcıl proflaktik tədbirlərin həyata keçirilməsinə hələ də ciddi ehtiyac var. Biz sözügedən məsciddəki vəziyyət barədə bu ilin əvvəllərində yazı dərc etmişdik. Qəribə olsa da, elə özümüz bəzi rəsmilərin qınağına tuş gəlmişdik. İnsidentdə konkret kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Yəqin ki, yerli hüquq-mühafizə orqanları, DQİDK-in regional idarəsi, Xaçmaz rayon icra hakimiyyətindəki dini komissiya müvafiq araşdırmalar apararaq günahkarları cəzalandıracaq və qanuni tədbirlər görəcək. Çünki belə insidentlər gələcəkdə daha ciddi qarşıdurmalara yol aça bilər.

Mənbə// Şimal xəbərləri

Xəbər lenti