Baş həkim: Kameranı söndürüb Mətanət xanımı o biri otağa apardılar... VİDEO

523
Baş həkim: Kameranı söndürüb Mətanət xanımı o biri otağa apardılar... VİDEO

Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənovun və xəstananın tibb qeydiyyatçısı Mətanət Şamçıyevanın məhkəməsi başlayıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən məhkəmə istintaqı açıq elan edilib

Prokuror ittiham aktınım nəticəvi hissəsini elan edib.

İttihama münasibət bildirən tibb qeydiyyatçısı Mətanət Şamçıyeva özünü qismən təqsirli bilib. 

Mətanət Şamçiyeva ifadəsində qeyd edib  ki, xəstəxanada arayış vermək üçün sakinlərdən pulu yığıb baş həkimə verib: "Hüseyn özü demişdi ki, pulları yığıb mənə ver. Dekabrdan pul toplanmağa başlamışdı, fevralın 1-nə kimi 2800 manat pul yığılmışdı. Pulun nə vaxt verilməsini baş həkim təyin edirdi. Hüseyn təkid elədi ki, pulu yığıb ona verim, mən də qorxdum ki, yığıb verməsəm, məni işdən qovar. Yığılan pullardan cəmi bir dəfə 40-50 manat mənə verib. Hüseyn müəllim, mədəni adam idi, heç kimi də işdən qovmamışdı, 11 ildir, bir yerdə işləyirdik".

İfadəsini davam edən tibb qeydiyyatçısı bildirib ki, arayışa görə standart pul tələb olunmayıb: "Bir manat verən də var idi, qəpik qoyub gedən də var idi, 5 manat verən də".

H.Həsənovun vəkili deyib ki, M.Şamçiyevanın evindən 62 ədəd 5 manatlıqlar aşkar olunub.

M.Şamçiyeva deyib ki, vətəndaşlar pulu jurnalın altına qoyurdu: "Adamın yanında qaldırıb pulun neçə manat olduğuna baxa bilməzdim axı".

Mətanət Şamiyeva istintaqa verdiyi ifadəsində bildirib ki, tibb qeydiyyatçısı işləyib: "Arayış vermək qanunla pulsuzdur, heç vaxt pul tələb etməmişəm. Baş həkimin  təlimatı ilə vətəndaşlardan pul yığıb baş ona verirdim. Vətəndaşlar pul vermək istəyirdilər, mən götürmədən əvvəl baş həkimə  məlumat verdim. O da pulu toplayıb ona verməyimi tapşırdı".

Daha sonra məhkəmədə Hüseyn Həsənov ifadə verib. O, özünün təqsirli bilməyib: "Bu qadın yalan danışır. Mən nə ona pul yığmağı tapşırmışam, nə pul yığılmasından xəbərim olub. O, heç vaxt mənə pul verməyib".

İfadəsini davam etdirən baş həkim qeyd edib ki,  videogörüntülərdə səslənən pul söhbətinin rüşvətlə heç bir əlaqəsi yoxdur: "Mətanət xanım mənə müraciət edərək özünə mebel almaq üçün pul borc istəmişdi. Mebellə bağlı konkret qərar vermədiyi üçün təxminən 3 min manat istəmişdi, mən də razılıq verdim. Heç vaxt üstümdə o qədər pul gəzdirmirəm.
Həmin gün isə özümlə həmin pulu götürüb işə gəldim. Mətanət xanım siyahı göstərib dedi ki, filan qədər şkafdı filan. Mənə o maraqlı deyildi. Sonra pulu ona verdim. Mənə demişdi ki, 4-5 aya borcunu qaytaracaq, amma hələ də qaytarmayıb. İnşallah, qaytarar. O görüntülər iki dəfə çəkilib. Əvvəl içəri girən kimi soruşdular ki, bu nə puldu? Mətanət xanım dedi ki, borcdur. Onlar kameranı söndürüb Mətanət xanımı o biri otağa apardılar, yarım saat nəsə söhbət etdilər. Sonra mənim otağıma gəldilər, təzədən kameranı qoşdular. Mətanət xanım dedi ki, pul arayışlardan yığılıb".

M.Şamçiyeva belə bir hal olmadığını, H.Həsənovun yalan danışdığını deyib.

Proses iyulun 13-ə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. 

Onların hər ikisinə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham  elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.

Xəbər lenti