Azərbaycanda DƏHŞƏT: Həkim qadını analıqdan məhrum etdi VİDEO

686
Azərbaycanda DƏHŞƏT: Həkim qadını analıqdan məhrum etdi VİDEO
Tovuz rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya gətirən Aygün Qasımova 26 yaşında analıqdan məhrum olub.   Ailə üzvləri deyir ki, Aygün doğuşadək daim həkim nəzarətində olub və səhhəti ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib. Nəsibə Qasımova - zərərçəkənin anası: "Mən 11 aydır ki, qızımı Xatirə həkimin yanına gətirmişəm. Yəni boş qarına Xatirə həkim 3 ay müalicə edib. Ondan sonra 9 ay mütəmadi olaraq bu həkimin xəstəsi olub. Deyib ki, doğuşa hazırdır, mən onu doğuzduracağam. Birdən birə dedi ki, doğuzdurammıram, keyserə çıxacaq".   Qeysəriyyə əməliyyatına alınan Aygünün vəziyyəti qəfildən pisləşir. Təcili anaya qan köçürmək lazım gəlir. Nəsibə Qasımova - zərərçəkənin anası: "Orada qan yox idi. Qanın qramını 70 manata aldıq. Vaxtında çatsa, mənim uşağım bu vəziyyətə düşəsi deyildi"   İttihamlar bununla bitmir. Xəstə yaxınları bildirir ki, adı dövlət xəstəxanası olsa da, Tovuz rayon Mərkəzi Xəstəxanası özəl tibb müəssislərindən heç də geri qalmır. Təbii ki, xidmətin keyfiyyətinə yox, ödənişə görə. O qədər pul istəyirlər ki, bilmirlər xəstəni düşünsünlər, yoxsa onlardan tələb olunan pulu hardan tapacaqlarını.   Cabir Qasımov - zərərçəkənin qayını: "Nə Xatirə həkimə, nə də Xanlar həkimə müraciət etməyin. Onlar neçə ailəni bədbəxt ediblər. Qapıçıdan tutmuş hər biri pul istəyirlər".   İttihamları qəbul etmək istəməyən hipokratın davamçıları hərəkətlərinə bu cür bəraət qazandırdılar.   Xatirə Quliyeva - ginekoloq: "Əgər 4 saatdan artıq müddətdə gələcək hissə müstəvilərlə irəliləmirsə, bu artıq kliniki dar çanağı sübut edir və keyser kəsiyi əməliyyatına göstərişdir. Bu barədə məlumat verdim onlara və dedim ki, xəstənin əməliyyata götürülməsi zəruridir, ölümlə nəticələnə bilər, uşaqlığın cırılmağı ilə nəticələnə bilər. Xəstəni əməliyyata götürdük".   Əməliyyatın nəticəsi olaraq Aygünün çəkisi 3 kq 800 qram olan qız övladı dünyaya gəlir. Ana və uşağın vəziyyəti kafi qiymətləndirilir. Əməliyyatdan təxminən 45 dəq sonra xəstənin uşaqlıq yolunda qanaxma başlayır. Ümumi vəziyyəti ağırlaşır. Nəbzi dəqiqədə 94 dəfə vurur, arterial təzyiq enir və qanaxma dayanmır.   Respublika Perinetal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirir ki, "sən artıq ana ola bilməzsən" diaqnozu xəstəyə çox nadir hallarda qoyulur. O, bölgələrdəki xəstəxanalarda qan ehtiyatının olmaması məsələsinə də aydınlıq gətirib.   Sevinc Məmmədova - Respublika Perinetal Mərkəzinin direktoru: ""Bölgələrdə qan yoxdur" demək düzgün deyil. Burada mütəmadi olaraq qan "zapasları" olmalıdır".   Bəli, əslində belə olmalıdır. Amma Tovuz rayon Mərkəzi Xəstəxanasında tam başqa abu-hava hökm sürür.   İndi Qasımovlar ailəsini bir sual düşündürür: 26 yaşlı Aygünün Tovuz rayon Mərkəzi Xəstəxanasında başına gələnlər, analıqdan məhrum olması kimin günahıdır? Onlar bu sualın cavabını əldə etmək üçün hüquq mühafizə orqanlarının araşdırma aparmasını istəyirlər. Yalnız bundan sonra kimin haqlı, kimin haqsız olması ortaya çıxacaq. (ARB TV)    

 

Xəbər lenti