Toyda qəssab peşəkar idmançını niyə öldürdü? "Kaş mənim oğlum öləydi…"

509
Toyda qəssab peşəkar idmançını niyə öldürdü? "Kaş mənim oğlum öləydi…"

Toyda Aşıq Əlinin (Tapdıqoğlu) idmançı qohumunu öldürən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmədə məlum olub ki, tərəflər arasında uzun müddətdir, ədavət var imiş. Qətli törədən şəxsin atası oğlunun əməlindən utandığını söyləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Vüsal Nemətov cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticə hissəsini elan edib.

Məhkəmədə ittihama münasibət bildirən Vüsal Neymətov özünü təqsirli bilib və əməlindən peşman olduğunu söyləyib. Hadisəni sərxoş vəziyyətdə törətdiyini deyən V.Neymətov deyib ki, mərhum Fəxri Kərimov bir müddət əvvəl ədavətləri olub.

Eyni qəsəbədə yaşayan şəxslər arasında ədavət isə kafedə etdikləri mübahisə ucbatından olub: "2013-cü ildə dostlarımla kafedə idik. Fəxri də yan masada oturmuşdu. Fəxri bizə dedi ki, "yavaş deyib-gülün". Mən də ona dedim ki, kafedə deyib gülərlər. Sözüm ona xoş gəlmədi. Mənə "ağıllı ol" deyib üstümə gəldi. Amma mən heç nə demədim. Durub gedəndə təpiklə məni yerə yıxdı. Yumruq, təpik zərbələri ilə məni döyməyə başladı. Hamı ondan qorxurdu deyə əlindən almadılar. Dostlarım isə axırda zorla məni Fəxrinin əlindən aldılar. Burnum və dişim qırılmışdı. Bu barədə polisə xəbər vermədim. Evə gələndə atam gördü".

V.Neymətov deyib ki, bundan sonra atası mərhumun atasının evinə gedib: "Atam Fəxrinin atası Kamalın yanına getdi. Kamal qəsəbədə çox hörmətli kişidir, hacıdır. Atamın məqsədi bizləri barışdırmaq idi. Daha sonra qəsəbədə eşitdim ki, Fəxri deyib məni harada tutsa döyəcək. 3 il ərzində çalışırdım ki, Fəxri olan yerə getməyim. Onu gördüyüm yerdə, yolumu dəyişirdim".

Fəxrini öldürməsi haqda danışan V.Neymətov söyləyib ki, toyda içki içdikdən sonra qisas almaq qərarına gəlib: "Toya getdim, bilmirdim ki, Fəxri də ora gələcək. Çıxıb getmək istəsəyəndə uşaqlar qoymadı. Spirtli içki içməyə başladım. Fəxri toyda da məni qıcıqlandırırdı. Birdən Fəxridən qisas almağı düşündüm. Peşəkar idmançı idi. Ona gücüm çatmayacaqdı. Bıçağı götürüb ona tərəf getdim. Cibimdən bıçağı çıxarıb bir dəfə vurdum. Ayağa qalxıb yaxamdan tutdu, özüm də bilmədən bir dəfə də bıçaqla ona vurdum. Məni döyə-döyə restorandan çıxartdılar".

Fəxrini öldürmək məqsədinin olmadığını deyən V.Neymətov hadisədən sonra nənəsigilə getdiyini, gecəni orada qalandan sonra polisə təslim olduğunu bildirib.

Toya cibində bıçaqla getməsi haqda suala cavab verən V.Neymətov bunları deyib: "Bıçağı qəsəbədə tapmışam. Özüm heyvan kəsimi ilə məşğul oluram. Bıçaq həmişə üstümdə olur. Həmin günü də işdən birbaşa toya gəlmişdim. Belə hadisə olacağını bilmirdim. Dəfələrlə Fəxri ilə barışmaq niyyətim olsa da, bu barədə razılıq əldə olunmadı. Əməlimdən peşmanam".

Məlum olub ki, V.Neymətov 2012-ci il Qaradağ rayon Məhkəməsinin hökmü ilə sağlamlığa yüngül zərər vurmaqda təqsirli bilinib, 300 manat cərimə cəzasına məhkum edilib.

Mərhum Fəxri Kərimovun atası Kamal Kərimov məhkəmədə ifadə verərək deyib ki, oğlu qəsəbədə sakit və hörmətli uşaq kimi tanınıb: "Oğlum namaz qılan, oruc tutan uşaq olub. Ailəliklə ibadət əhliyik. 4 uşağı vardı. Oğlum "Shacman" sürüb, ailəsini dolandırırdı. Özü də peşəkar idmançı idi. Qəsəbədə soruşsanız, hamı mənim oğlumun tərbiyəsindən danışar. Bu cəlladın da necə tərbiyəyə malik olduğunu hamı bilir. Nəşə çəkən, "alkaş"lıq edənin birisidir. Öz atası həmişə deyirdi ki, oğlunun tərbiyəsi yoxdu. Dəfələrlə atasına, xəstə anasına yardım eləmişəm".

Kamal Kərimovun sözlərinə görə, oğlu dəfələrlə V.Neymətovun atası Vəli kişidən üzr istəyib: "Fəxri oğlunu döydüyü üçün Vəlidən üzr istəyib. Qurban bayramında namazdan sonra da evlərinə gedib, yenidən Vəlidən üzr istəyib. Hadisə günü də evdə idim. Fəxri də toya getmişdi. Qardaşım zəng edib dedi ki, Fəxrini bıçaqlayıblar. Xəstəxnaya çatanda artıq oğlum dünyasını dəyişmişdi".

Təqsirləndirilən Vüsal Nemətovun atası da məhkəmədə şahid qismində ifadə verib. O, oğlunun əməlinə görə vicdan əzabı çəkdiyini, utandığını bildirib: "Oğlum danışmağa bir üz qoymayıb. Fəxrinin atası hacı Kamal çox hörmətli şəxsdir. Kaş ki, mənim oğlum ölərdi. Gedib dərdimi qıraqda çəkərdim. İndi ürəyim sızıldayır. Hadisədən sonra Hacı Kamalının evinə də gedə bilməmişəm. Üzünə baxmağa xəcalət çəkirəm".

Məhkəmənin növbəti iclası iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Qobustan rayonun Divanlı qəsəbəsində baş verib. Toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

V.Neymətov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinir./musavat

Xəbər lenti