Gəncədə idmançı adam öldürdü YENİLƏNİB

1561
Gəncədə idmançı adam öldürdü YENİLƏNİB

Daxili İşlər Nazirliyi Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.

Mynews.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 9-da Kəpəz rayonunun A.Səhhət küçəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Orucovun üzərində zorakılıq əlamətləri olan (döyülmə xarakterli) meyiti tapılıb.

Baş Cinayət Axtarışı İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi, Kəpəz RPİ və Gəncə şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini Eldəniz Məmmədov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

13:22

“Gəncədə 39 yaşlı kişinin qətlə yetirən idmançının heç bir nailiyyəti olmayıb”.

Mynews.az xəbər verir ki, Lent.az-a bu barədə Azərbaycan Kikboks Federasiyasının mətbuat xidmətinin rəhbəri İntizarə Əbilova məlumat verib.

İ. Əbilova qeyd edib ki, Eldəniz Məmmədov  8 il qabaq kikboksla məşğul olub: “Bizim çempionlarla bağlı siyahımız var. Siyahıda bu şəxsin adı yoxdur. Gəncədə olan müəllimlərimizlə də əlaqə saxlamışıq. Belə adda idmançı olmadığını dedilər”.

Kikboks Federasiyasının sözçüsü onu da qeyd edib ki, Eldəniz Məmmədov özü ifadəsində idmançı olduğunu deyib: “Mən məsələ ilə bağlı müstəntiqlə də əlaqə saxladım. Onlar bildirdilər ki, bu şəxs ilkin ifadəsində Azərbaycan çempionu olduğunu deyib. Biz KİV-ə bununla bağlı təkzib göndərəcəyik. Eldəniz Məmmədov adda Azərbaycan çempionu yoxdur”.

11:22

Gəncə şəhərində meyiti tapılan şəxsin ikiqat dünya çempionu tərəfindən öldürüldüyü məlum olub.

Mynews.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Adil oğlu Orucovun şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə” bazarının yaxınlığında meyiti tapılıb. Yerli sakinlər tərəfindən Kəpəz Rayon Polis İdarəsinə məlumat verilib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinə yerləşdirilib. Müayinə zamanı meyitin üzərində zorakılıq və döyülmə əlamətləri aşkarlanıb. 

Dərhal Gəncə Şəhər Prokurorluğunda əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 1994-cü il təvəllüdlü Eldəniz Məmmədov saxlanılıb. 
Məlum olub ki, axşam saatlarında Kəpəz rayonu ərazisində yerləşən çay evlərindən birində R.Orucov və E.Məmmdov arasında mübahisə olub. Mübahisə zəminində E.Məmmədov R.Orucovu döyüb. Ağır bədən xəsarətləri alan R.Orucov hadisə yerindən bir qədər uzaqlaşıb və huşunu itirərək yerə yıxılıb. Onun meyiti səhər saatlarında yerli sakinlər tərəfindən tapılıb. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir. 

Xəbər lenti