İntihar edən dünya çempionunun məşqçisi: Rəşad təkcə özünü öldürmədi

696

Rəşad tək özünü öldürmədi, bizi də öldürdü getdi.

İntihar edən dünya çempionunun məşqçisi: Rəşad təkcə özünü öldürmədi

Mynews.az xəbər verir ki, bu sözləri Rəşad Dünyamalıyevin məşqçisi, Sambo Federasiyası hakimlər kollegiyasının sədri, əməkdar məşqçi Cabir İsmayılov teleqraf.com-a danışarkən deyib.

Məşqçinin sözlərinə görə, Rəşad komanda ilə Qazaxıstana, Nursultan Nazarbayev şərəfinə keçirilən Dünya kuboku yarışına gedəcəkdi: “Vədələşdiyimiz vaxtdan yarım saat ötməsinə baxmayaraq, Rəşad gəlib çıxmırdı. Əlaqə saxlamağa çalışdıq, telefonu götürmədi. Sonra zəng edib dedilər ki, özünü turnikdən asıb. Srağagün 7 mərasimi idi.

Rəşad bütün yarışlarda yüksək nəticə göstərən idmançı idi. 5 yaşından sambo ilə məşğul olurdu. Federasiyanın ona ümidləri böyük idi. Bilmirik niyə belə etdi, heç bir narahatlığı yox idi.

Səhər anası oyadıb ki, dur get, gecikərsən. Deyib, sən get, mən atamla gedərəm. Sonra ağlına nə gəlib, nə fikirləşibsə, belə addım atıb.

Qız sevmirdi, deyək ki, qıza görə olub. Rəşadın anası milliyətcə rusdu. Atası da bir az içki aludəçisidi. Evə gəlib tez-tez Rəşadı döydüyü deyilir.

Amma Rəşad çox ağır təbiətli, tərbiyəli uşaq idi. Danışığını, oturuşunu-duruşunu bilən idi. Düzdü, imkansız ailədən idi. Anası-bacısı işləyirdi. Nə isə... Onu biz əlimizdə böyütmüşdük. Heyf!”

Qeyd edək ki, sambo üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Rəşad Dünyamalıyevin intiharı barədə xəbər bu gün yayılıb. 18 yaşlı idmançının özünü asdığı bildirilir.

Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasında çıxış etmiş Rəşad Dünyamalıyev iki dəfə Avropa çempionu olub. Dünya çempionatının da mükafatçısı olan Dünyamalıyev sonuncu dəfə 2017-ci ilin aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Xəbər lenti